Yer kürəsini maqnit fırtınaları bürüyəcək – Xəbərdarlıq

Cümə günü Yer kürəsində maqnit fırtınaları baş verəcək.

Bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun açıqlaması xəbər verir.

Onun sözlərinə görə, cari həftə ərzində Günəş fəallığının kəskin artması müşahidə olunub.

“Günəşdə intensivliyinə görə sondan əvvəlki – M səviyyəli bir neçə partlayış baş verib. Ötən çərşənbə axşamının ilk yarısında qeydə alınan bu partlayışlardan ikisi Yer istiqamətində nisbətən genişölçülü iki plazma buludu atıb”, – deyə M.Leus özünün “Telegram” kanalında qeyd edib.

Mütəxəssis bildirib ki, beynəlxalq proqnoz mərkəzlərinin hesablamalarına əsasən, günəş maddəsi buludları planetimizə cümə günü səhər saatlarında çatacaq və geomaqnit sahəsindəki dalğalanmalar təxminən iki gün davam edəcək.

Məlumata görə, oktyabrın 9-da Yeri G1-G2 səviyyəli maqnit fırtınalarının bürüyəcəyi ehtimal edilir. Bazar günü isə vəziyyətin tam stabilləşəcəyi gözlənilir.