Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr – Beynəlxalq Kulinariya Günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.
Müdafiə Nazirliyinin rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın dünya şöhrətli kulinarlarından bir qrupu, Azərbaycan Ordusunun bütün qoşun növlərinin birləşmə və hərbi hissələrini təmsil edən baş aşpazlar və digər qonaqlar əvvəlcə Horadiz şəhərinə gedərək xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, tər güllər düzüblər.
Qonaqları salamlayan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadizin və rayonun 22 yaşayış məntəqəsinin düşmən işğalından azad edilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1993-cü ilin payızında Ulu Öndərin bölgəyə gəlişi, ön səngərlərdə hərbçilərlə görüşü onlarda yüksək döyüş ruhu və yüksək vətənpərvərlik, qələbəyə inam hissi aşılaması sayəsində dekabr ayının sonlarında işğal olunmuş ərazilərin azad edilməsi uğrunda hücuma keçən igid oğullarımız 1994-cü ilin ilk yanvar günlərində Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də daxil olmaqla 20-dən çox yaşayış məntəqəsini azad ediblər. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri bərpa edilərək yenidən qurulub, hər cür infrastruktur yaradılıb və məcburi köçkünlər öz doğma yurdlarına geri qayıdıblar. A.Alıyev vurğulayıb ki, Horadiz qəsəbəsinin azad edilməsi Ümummilli Liderin adı ilə bağlıdırsa, bu yaşayış məntəqəsinin daha da inkişaf etməsi və qəsəbəyə şəhər statusunun verilməsi dövlətimizin başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, ordumuzun gücünü və Heydər Əliyev siyasətinin təntənəsini görürük.
Horadiz şəhəri ilə tanışlıqdan sonra tədbir iştirakçıları Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək ehtiramlarını bildiriblər. Burada qeyd olunub ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra bir çox strateji yüksəkliklər, eləcə də Lələtəpə zirvəsi düşmənlərdən azad edilərək ərazi tam nəzarətə götürülüb. Bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndində quruculuq, abadlıq işlərinə başlanılıb və yaşayış məntəqəsi sözün həqiqi mənasında kül altından boy ataraq müasir bir kəndə çevrilib.
Qonaqlar işğal altında olan digər torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini ifadə edərək Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyayma avtomobilindən səsləndirilən “Aprel zəfəri” marşının sədaları altında Cocuq Mərcanlıya doğru irəliləyiblər. Kəndə gedən yolun sağ və sol tərəflərində hər bir şəhidin xatirəsinə əkilmiş çinar ağacları artıq qol-budaq atıb, pambıq sahələri üzə gülür, kənd gül-çiçəyə qərq olub. Sakinlər əmin-amanlıq içində firavan yaşayır, əkib-becərir. Şagirdlər isə ən müasir məktəbdə təhsillərini davam etdirirlər.
Kəndin mərkəzində salınmış “Qayıdış parkı”nın qarşısında qonaqları Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi qarşılayıb. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov kulinariya işçilərini, həmçinin Azərbaycan Ordusunun bu sahədə çalışan əməkdaşlarını Beynəlxaq Kulinariya Günü münasibətilə təbrik edib. Cocuq Mərcanlının tarixindən, birinci Qarabağ müharibəsi zamanı tamamilə bu kəndin dağıdılmasından, viran edilməsindən, əhalinin doğma yurd-yuvalarından məcburi köçkün düşməsindən, bu yerlərdə gedən qanlı döyüşlərdə neçə-neçə əsgər və hərbçimizin şəhid olmasından, itkin düşməsindən, 2016-cı ilin Aprel zəfərindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə kəndin yenidən qurulmasından və Qarabağa qayıdışın ilk köçünün məhz Cocuq Mərcanlıya olmasından danışaraq dövlətimizin başçısına bütün cəbrayıllıların minnətdarlığını bildirib.
Kütləvi vətənpərvərlik bayramının ssenari müəllifi və quruluşçu rejissoru Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani proqramı elan edib və onun bələdçiliyi ilə Cocuq Mərcanlıda “Xalqla Ordu əl-ələ” kütləvi vətənpərvərlik bayramına start verilib.
Oğuz elinin ağsaqqalı Dədə Qorqud Azərbaycan xalqına birlik, həmrəylik, ordumuzun döyüşçülərinə, xalqımıza tezliklə yeni-yeni qələbə müjdələri gətirməyi arzulayıb. Dədə Qorqud alqışları “Qayıdış” parkında əks-səda verib: “Kölgəlicə qaba ağacınız kəsilməsin! Çapaçapda ağ bədöy atlar büdrəməsin! Heç kəsi namərdə möhtac olmasın! Məclislərinizdə çalıb-çağıran ozan olsun! Gur axan çaylarınız qurumasın! Uca dağlarınız yıxılmasın! Yeməyiniz isti, suyunuz sərin olsun! İgidlərimiz, ərənlərimiz baş sərkərdənin rəhbərliyi altında yolumuzu gözləyən cənnət Qarabağımızdan zəfər müjdələri gətirsin! Köçən ellərimiz tezliklə doğma yurd yerlərinə qayıtsın! Amin!”
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialında istehsal olunan Qarabağ xalçalarından ibarət sərgi tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının təşkil etdiyi “Azərbaycan mətbəxi” kitab sərgisində dünya şöhrətli kulinarımız, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovun kitabları sərgilənib. Onun uzun illərdir ki, hətta Azərbaycanın milli mətbəxini də özününküləşdirməyə çalışan ermənilərlə mübarizəsindən və həmişə də qalib çıxmasından söhbət açılıb. Tahir Əmiraslanovun müəllifi olduğu kitablardan qonaqlara ibarət bağlamalar hədiyyə edilib. Azərbaycan kulinarlarının hazırladıqları un və qənnadı məhsullarının nümunələri nümayiş olunub. Elan olunub ki, birazdan Azərbaycan kulinarlarının əsgərlərə hədiyyələri, bağlamalar, xonçalar döyüş mövqelərinə də göndəriləcək.
Müdafiə Nazirliyi Ərzaq xidmətinin eləcə də, bölgənin müdafiəsində dayanan hərbi hissənin təşkil etdiyi sərgidə qələbəlik yaşanıb. Polkovnik-leytenant Vüqar Abdullayev “Əsgər payı” guşəsində ordumuzun şəxsi heyətinin ərzaq təminatından danışaraq müxtəlif çeşidli məhsullar haqqında məlumat verib. Qonaqlar Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrin əsgər yeməkxanalarında şəxsi heyətlə bir süfrə ətrafında nahar etdiyini, yaradılan şəraitlə tanış olduğunu əks etdirən fotomateriallara baxıblar. Tədbir iştirakçıları ordunun məşhur və peşəkar aşpazlarından olan Ədilxan Məmmədovun hazırladığı 10-dan çox un və qənnadı məhsulu, eləcə də səhra mətbəxində hazırlanan əsgər yeməklərinin və “Şah plov”un dadına baxıblar.
Azərbaycan Ordusu aşpazlarının beynəlxalq müsabiqələrdə qazandığı mükafatlar, kuboklar, prizlər, medallar, diplomlar nümayiş olunub. Yarışların iştirakçıları Beynəlxalq Ordu Oyunlarından Vətənə həmişə uğurla qayıtdıqlarını bildirib və bu il də Azərbaycanın hərbi aşpazlarının beynəlxalq müsabiqədə qalib 4 komanda içərisində yer aldığı məlumatı verilib.
Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında İmadəddin Nəsiminin, Babəkin, Cavanşirin, Əmir Teymurun, Qaçaq Nəbinin, Həcərin və digər şəxsiyyətlərin obrazları canlandırılıb. “Arşın mal alan”, “O olmasın, bu olsun” milli filmlərimizin qəhrəmanları əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Cəbrayıl, Füzuli, Beyləqan və Xocavənd rayonlarının tarixinin, folklorunun, etnoqrafiyasının, adət-ənənələrinin, milli mətbəxinin təqdim olunduğu guşələrdə əsl canlanma olub. Bölgənin müdafiəçiləri ilə ictimaiyyət nümayəndələri bir süfrə arxasında çörək kəsib, çay içib, cəbhəyanı bölgənin bağlarının payız barından tutulmuş meyvə xonçalarına heyran qalıblar.
Bədii özfəaliyyət kollektivləri öz məharətlərini göstəriblər. Bakıdan gəlmiş “Səma” rəqs ansamblının üzvlərinin ifa etdikləri “Azərbaycan” süitası, “Sarı gəlin” rəqsi, “Türk yallı”sı alqışlarla qarşılanıb.
Parkın anfiteatrında davam edən kütləvi vətənpərvərlik bayramı qala konserti başlamazdan öncə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Dövlət himni ifa olunub.
“Qarabağ Azərbaycandır” ədəbi musiqili xoreoqrafik kompozisiyası təqdim olunub. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bir daha bayram iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Ölkə rəhbərliyinə, şəxsən dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycan dövləti və xalqı naminə yorulmaz fəaliyyətlərinə görə minnətdarlıq edib. Ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasətin bütün xalq tərəfindən dəstəkləndiyi qeyd olunub.
N nömrəli hərbi hissənin zabiti polkovnik Elşad Əbilov ordu ilə xalqın birliyindən danışaraq əbədiyaşar ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamını xatırlayıb: “Ordu ilə xalqın birliyi həm xalqın gücünü artırır, həm də ordunu daha da qüdrətli edir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri ordu ilə xalqın sağlam, mənəvi birliyini yaratmaqdan ibarətdir”. E.Əbilov sağlam mənəvi birliyin bu gün daha da möhkəmləndiyini, genişləndiyini bildirərək “Biz bu birliyi 2016-cı ilin Aprel döyüşləri zamanı bir daha gördük, hiss etdik. Aprel döyüşləri dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın isə birliyini, həmrəyliyini göstərdi”, – deyib.
Polkovnik E.Əbilov Ali Baş Komandanı, Müdafiə Nazirliyinin rəhbərliyini və xalqımızı bütün şəxsi heyət və Vətən müdafiəçiləri adından bir daha əmin edib ki, Azərbaycan əsgəri bundan sonra da ölkənin müdafiəsində mərdliklə dayanacaq, işğal altındakı digər torpaqların da azad edilərək respublikamızın ərazi bütövlüyünün təmin olunması üçün qarşıya qoyulmuş istənilən əmr və tapşırığı qanı və canı bahasına olsa belə yerinə yetirəcəkdir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov cəbhəyanı bölgədə gördüklərindən qürur duyduğunu vurğulayaraq, bütün bu inkişaf, tərəqqi üçün müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında baş əydiyini, müdrik prezidentimiz, qətiyyətli Ali Baş Komandanımız İlham Əliyevə bütün xalqımız kimi milli kulinarlarımızın adından dərin minnətdarlığını bildirib.
T.Əmiraslanov dünəndən hərbi hissələrdə olduğunu, əsgərlərlə bir yerdə nahar etdiyini, əsgər yataqxanalarında gecələdiyini, şəxsi heyətlə görüşdüyünü, Azərbaycan Ordusunun baş aşpazları ilə usta dərsləri keçirdiyini bildirərək, hərbi hissələrdəki nizam-intizamdan, yaradılan şəraitdən, maddi-texniki təminatın yüksək səviyyədə olduğundan, əsgər yeməkxanalarının restoranlardan, şadlıq evlərindən heç də fərqlənmədiyindən, əsgərlərin qidalanmasının çox yüksək səviyyədə təşkilindən, Azərbaycan əsgərinin sayəsində cəbhəyanı rayonların əhalisinin əmin-amanlıq, sabitlik şəraitində yaşamasından böyük həvəslə danışıb və bu gün hər kəsi orduya mənəvi dayaq olmağa “Hər şey ordu üçün, hər şey qələbə üçün!” şüarı altında daha da sıx birləşməyə səsləyib.
1993-cü ildə dağıdılıb viran edilməsinə baxmayaraq bir an da olsun Cocuq Mərcanlı kəndinin tərk etməyən və bu xarabalıqlar içərisində yaşayaraq doğma kəndinin bugünkü təntənəsinə bəlkə də hamıdan çox sevinən, Azərbaycan Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Oqtay Həziyev bütün cəbrayıllılar adından dövlətimizin başçısına minnətdarlıq edib. Azərbaycan Ordusunun güc və qüdrətinə heyran qaldığını bildirib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının geniş və rəngarəng konsert proqramı alqışlarla başa çatıb. Sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Şuşa məscidinin oxşarı olan Cocuq Mərcanlı məscidində Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. Din xadimləri dualar oxuyub, ehsan mərasimində şəhid ailələri, müharibə qaziləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Döyüş mövqelərinə bayram sovqatları, meyvə və şirniyyatlarla dolu xonçalar göndərilib. Bütün hərbi hissələrdə respublikanın məşhur aşpazlarının iştirakı ilə hazırlanan milli yeməklərdən ibarət süfrələr açılıb. Kül altından boy ataraq ən müasir yaşayış məntəqəsinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Xalqla Ordu əl-ələ” kütləvi-vətənpərvərlik bayramı xalqla ordunun sağlam mənəvi birliyinin təntənəsinin nümayişinə çevrilib.