Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə liderlər səviyyəsində üçtərəfli görüşün Türkiyədə keçirilməsini dəstəklədiklərini açıqlayıb.
Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Ərdoğanla keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Ərdoğan belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu deyib.
“Ərdoğan belə bir görüşü təşkil edə bilərsə, onun Türkiyədə keçirilməsi ideyasını dəstəkləyərik. Türkiyə ilə yaxşı münasibətlərimizin olduğunu hər zaman bildirmişik. Belə bir sammitə gəlməyə hazırıq. Əgər faydalı ola bilərsə, sülh gətirə bilər”, – Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin iki ölkə arasındakı Azad Ticarət Sazişinin Ukrayna parlamentində təsdiqləndiyini və qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollardan 10 milyard dollara çatdırılmasının planlaşdırıldığını bildirib.
Görüşdə Qara dənizdə təhlükəsizlik məsələlərinin də müzakirə edildiyi, bunun ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.



