Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi

Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib.

Bu barədə “Helsingin Sanomat” nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarlar bələdiyyə sədri Minna Ylikyanne tərəfindən təklif olunub. O bu vəzifəyə 2025-ci ilin əvvəlində təyin edilib, bundan əvvəl isə Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyində fəaliyyət göstərib.

İki vəzifənin ləğv olunması büdcəyə 150 min avro qənaət etməyə imkan yaradıb. Texniki direktorun funksiyaları bir neçə əməkdaş arasında bölüşdürülüb, inzibati direktorun vəzifələrini isə Ylikyanne öz üzərinə götürüb. Süni intellekt ona qərar layihələrini, müqavilələri və müsabiqə sənədlərini hazırlamaqda kömək edir. Məsələn, dil modelinin köməyi ilə inzibati reqlamentə əlavələri bir gün ərzində tərtib etmək mümkün olub. “Dil modeli olmasaydı, bu işə yəqin ki, bütün payız aylarını sərf edərdik”, – deyə o bildirib.

Sİ digər şöbələrdə, o cümlədən uşaq bağçalarında iş qrafiklərinin tərtib edilməsi üçün də tətbiq olunur. Ylikyanne izah edib ki, o, müəllim və tərbiyəçiləri deyil, məhz idarəetmə aparatını ixtisar etməyə üstünlük verib. Onun fikrincə, süni intellekt hesabına məhsuldarlığın artması gələcəkdə bəzi iş yerlərinin yox olmasına və vergi gəlirlərinin azalmasına səbəb olacaq.

London Kral Kollecinin araşdırmasına əsasən, “ChatGPT” istifadəyə verildikdən sonra bəzi funksiyaların Sİ tərəfindən icra edilə bildiyi şirkətlərdə iş yerlərinin sayı 4.5% azalıb. Həmin müəssisələrdə gənc mütəxəssislər üçün vakansiyaların sayı isə 5.8% aşağı düşüb. Rusiyanın əmək naziri Anton Kotyakov bəyan edib ki, süni intellektin tətbiqi işçilərin 7.5%-nin əmək funksiyalarını dəyişdirəcək, lakin bu, onların işdən çıxarılması demək deyil.