Hesabatda İranın adının ilk sırada çəkilməsi təsadüfdürmü?…
Dünya rəqəmsal məkanda görünməmiş bir kiber-müharibə fazasına qədəm qoyub. ABŞ kəşfiyyatı və aparıcı kibertəhlükəsizlik şirkətlərinin son hesabatlarına əsasən, İran, Çin və İsrail mənşəli operatorlar qlobal miqyasda ictimai rəyi manipulyasiya etmək üçün ilk dəfə muxtar (avtonom) süni intellekt (Sİ) agentlərindən istifadə etməyə başlayıblar.
Bu barədə nüfuzlu “The New York Times” qəzeti məlumat yayıb.
İnsan müdaxiləsi olmadan işləyən saxta profillər…
Əvvəlki ssenarilərdən fərqli olaraq, bu yeni nəsil Sİ botları heç bir insan nəzarəti olmadan müstəqil şəkildə sosial şəbəkələrdə fəaliyyət göstərir. Onlar özləri saxta profillər açır, real vaxt rejimində trend mövzulara uyğun paylaşımlar edir və sosial platformaların təhlükəsizlik filtrlərini asanlıqla yan keçirlər. Üstəlik, bu botların real insanlardan seçilməməsi üçün daxili təhlükəsizlik kodları qəsdən sökülür.
İran daxili siyasəti hədəf alır, Çin kütləvi şəbəkələr qurur...
Hesabata görə, İran mənşəli avtonom Sİ şəbəkələri özlərini sıravi amerikalı kimi təqdim edərək ABŞ-da daxili siyasi qütbləşməni və xaosu artırmaq üçün fəaliyyət göstərir. Onların idarə etdiyi saxta hesabları artıq 80 mindən çox real insan izləyir. Çin isə “Instagram”, “Facebook”, “X” (Twitter) və “TikTok”-da yüzlərlə avtonom agent vasitəsilə kütləvi rəy manipulyasiyası həyata keçirir…
İsrail şirkətlərindən “xaos” sınağı…
Mənbələr bildirir ki, İsraildə bu proses dövlət tərəfindən deyil, özəl texnologiya şirkətləri tərəfindən həyata keçirilir. Təl-Əvivdə yerləşən “IntelEye” kimi şirkətlər minlərlə sosial media hesabını Sİ botları vasitəsilə idarə edir. Qəribədir ki, bu botlar daxili siyasi qarşıdurmalarda həm iqtidarı, həm də müxalifəti eyni anda müdafiə edərək cəmiyyətdə maksimum çaşqınlıq və etmadsızlıq yaratmağa çalışırlar. Şirkət rəhbərliyi isə bunu “müdafiə xarakterli eksperiment” adlandırır.
Digər bir İsrail şirkəti – “Stoic” isə Qəzza müharibəsi və Yaxın Şərqdəki hadisələrlə bağlı pro-İsrail və anti-islam tezislərini yaymaq üçün generativ süni intellektdən geniş istifadə edib…
Amerika nəşrinin hesabatında İranın adının ilk sırada çəkilməsi təsadüfdürmü?…
Hesabatda İranın adının ilk sırada çəkilməsi təsadüfi deyil və Tehranın rəqəmsal məkanda Çin və ya Rusiyadan daha aqressiv taktikaya keçdiyini göstərir. Əvvəllər genişmiqyaslı kiber-kampaniyalar üçün nəhəng büdcələr və minlərlə dil bilən mütəxəssis tələb olunurdusa, indi açıq qaynaqlı pulsuz Sİ modelləri bu xərcləri minimuma endirib. Tehran böyük maliyyə resursları xərcləmədən, ingilis dilində mükəmməl danışan və insan cildinə girən süni intellekt “ordusu” sayəsində ABŞ daxili siyasətinə birbaşa təsir imkanı qazanıb. Eyni zamanda hesabatda İsrailin özəl kiber-şirkətlərinin də adının yer alması, rəqəmsal məkanda aktiv bir İran-İsrail proksi müharibəsinin getdiyini təsdiqləyir. Görünən odur ki, İran rəhbərliyi süni intellekti Qərbin sanksiyalarına və hərbi üstünlüyünə qarşı ən ucuz, lakin ən effektiv asimmetrik silah kimi ön xəttə sürür…
Mütəxəssislər həyəcan təbili çalır…
“Meta” və “OpenAI” kimi texnologiya nəhəngləri bu şəbəkələrin böyük hissəsini bloklasalar da, kiber-ekspertlər xəbərdarlıq edir ki, muxtar Sİ agentlərinin bu sürətlə inkişafı yaxın gələcəkdə internetdə həqiqəti yalandan ayırmağı tamamilə qeyri-mümkün edə bilər. Avtonom botlar təkcə siyasi rəylər yazmır, həm də şübhə doğurmamaq üçün dəb, idman və gündəlik həyat haqqında postlar paylaşaraq alqoritmləri asanlıqla aldadırlar…



