Türkiyə Kiyevin S-300 planını pozdu: Bu ölkə silahlarını vermir

Ukrayna hava hücumundan müdafiə sistemlərində yaranan raket çatışmazlığını aradan qaldırmaq üçün Yunanıstanın S-300 komplekslərinə göz dikib. Lakin Afina bu silahları Kiyevə verməyə hazır deyil.

Bu barədə “Forbes” yazıb.

Məlumata görə, Ukrayna Patriot sistemləri üçün raketlərin çatışmazlığı fonunda köhnə sovet istehsalı S-300 komplekslərini də modernləşdirməyə çalışır. Yunanıstan isə mümkün mənbələrdən biri hesab olunur. Afina iki S-300PMU-1 kompleksi və 175 ədəd 5V55U raketinə sahibdir.

Lakin Yunanıstan S-300-lərdən imtina etməyə tələsmir. Bunun əsas səbəblərindən biri ölkənin Türkiyə ilə bağlı təhlükəsizlik narahatlıqlarıdır. Afina hesab edir ki, sistemlər tam alternativlə əvəzlənmədən onların Ukraynaya verilməsi ölkənin müdafiə imkanlarını zəiflədə bilər.

Yunanıstan iyul ayında çoxsəviyyəli hava hücumundan müdafiə sistemi olan “Axilles qalxanı”nın yaradılması üçün 4 milyard dollara qədər maliyyələşməni təsdiqləyib. Lakin yeni sistemin tam hazır olması üçün vaxt tələb olunur.

“Forbes”un məlumatına görə, Ukrayna eyni zamanda ABŞ-la birlikdə köhnə S-300 raketlərinin modernləşdirilməsi və yeni versiyasının hazırlanması üzərində işləyir. Yeni raketlərin istehsalına 2026-cı ilin sonuna yaxın başlanması gözlənilir, lakin istehsal həcminin ildə təxminən 100-200 ədəd olacağı bildirilir.