Varşavada qeydiyyatdan keçmiş “Shelbit Technologies” şirkəti İrana qarşı sanksiyalardan yayınma və çirkli pulların yuyulması ittihamları ilə ABŞ-ın rəsmi sanksiya siyahısına salınıb.
Bu barədə “Wirtualna Polska” nəşri məlumat yayıb.
Şirkət İran hakimiyyətinə milyardlarla dolların köçürülməsinə yardım edib. 2023-cü ilin avqustunda Varşavada yaradılan şirkətə 2024-cü ilin martından İran, Əfqanıstan və Dominikan Respublikasının vətəndaşlığına malik Siavaş Kayvanpur rəhbərlik edir.
“Shelbit Technologies” Polşada virtual valyutalarla fəaliyyət göstərmək üçün rəsmi qeydiyyatdan keçib. Bu status şirkətə Avropa İttifaqı ölkələrində qanuni fəaliyyət göstərmək və kvazi-banklarda hesablar açmaq imkanı verib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, şirkətdən 4 milyard dollara qədər vəsaitin İrana qarşı sanksiyalardan yayınmaq üçün istifadə edildiyi ehtimal olunur. Vəsaitlərin İran Mərkəzi Bankı, İslam İnqilabı Keşikçiləri Korpusu və qanunsuz onlayn qumar fəaliyyəti ilə əlaqələndirildiyi bildirilir.
ABŞ-ın sanksiya siyahısında “Shelbit Technologies” İrana bağlı strukturların maliyyələşdirilməsində iştirak edən qlobal şəbəkənin əsas elementlərindən biri kimi göstərilir.
Polşa hakimiyyəti isə şirkətin statusu və mümkün araşdırmalarla bağlı hələlik açıqlama verməyib.



