204 min insan üzərində ARAŞDIRMA: Yaxşı dostları olanlar özlərini daha sağlam hiss edirlər

Türkiyənin Kütahya Sağlamlıq Elmləri Universitetinin alimləri dostluq münasibətlərindən məmnunluqla insanların psixoloji və fiziki sağlamlıqlarını daha yüksək qiymətləndirmələri arasında əlaqə olduğunu müəyyən ediblər.

Beynəlxalq tədqiqatın nəticələri “Journal of Mental Health” jurnalında dərc olunub.

Beynəlxalq araşdırmada 22 ölkədən, o cümlədən ABŞ, Yaponiya, Avstraliya, Hindistan və Argentinadan 204 907 yetkin insanın məlumatları təhlil edilib. İştirakçılar dostluq münasibətlərindən nə dərəcədə razı olduqlarını, həmçinin öz psixoloji və fiziki sağlamlıqlarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, dostluq və şəxsi münasibətlərindən daha çox razı qalan insanlar özlərini daha sağlam və yaxşı hiss etdiklərini daha çox bildiriblər. Bu əlaqə yaş, cins, gəlir, təhsil, ailə vəziyyəti və məşğulluq kimi sosial amillər nəzərə alındıqdan sonra da qorunub.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, insanın hazırkı münasibətləri onun sağlamlığını necə qiymətləndirməsi ilə uşaqlıqda valideynləri ilə münasibətləri barədə xatirələrindən daha güclü əlaqəyə malikdir. Alimlərin fikrincə, dostlardan və yaxın insanlardan alınan sosial dəstək ümumi rifahla əlaqəli mühüm amil ola bilər.

Araşdırmada fiziki və psixoloji sağlamlıq arasında da əlaqə aşkarlanıb: sağlamlığının bir tərəfini daha yüksək qiymətləndirən iştirakçılar, adətən, digər tərəfi də daha yaxşı qiymətləndiriblər.

Bununla belə, alimlər vurğulayıblar ki, araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir. Yəni möhkəm dostluğun birbaşa sağlamlığı yaxşılaşdırdığını söyləmək mümkün deyil. Əksinə, özünü yaxşı hiss edən insanların münasibətlərini qoruyub saxlamaq imkanları da daha yüksək ola bilər.