Həkim-diyetoloqlar Şeri Qau və Şeyla Patterson demensiyanın yaranma riskini azaltmaq üçün saat 17:00-dan sonra müəyyən qidalardan uzaq durmağı məsləhət görüblər.
Mütəxəssislərin sadaladıqları qidaların siyahısını “Eating Well” nəşri dərc edib.
İlk növbədə, demensiya riskini azaltmaq üçün mütəxəssislər gecə yatmazdan əvvəl şəkərli qazlı içkilərdən, alkoqoldan (spirtli içkilər) və kofeindən imtina etməyi tövsiyə ediblər. Şeri Qaunun sözlərinə görə, şəkər iltihaba səbəb olur, alkoqol və kofein isə yuxunu pozur və bununla da beynin normal şəkildə bərpa olunmasına mane olur. Həkim vurğulayıb ki, yatmazdan əvvəl hətta şokolad yemək də məsləhət deyil, çünki onun tərkibində kofein var.
Şeyla Patterson əlavə edib ki, duzlu qidalar da demensiya riskini artıra bilər. Onun sözlərinə görə, həddindən artıq miqdarda duzlu qida qəbul etmək qan damarlarına zərər verir, iltihaba səbəb olur və beyinə qan axınını azaldır.
Bunun qarşısını almaq üçün diyetoloq axşam saatlarında ağır yeməklər və yarımfabrikatlar əvəzinə tərkibində minimum miqdarda duz olan təbii qidalara üstünlük verməyi tövsiyə edib.




