Ermənistanda keçirilən 25 günlük təlim toplanışından sonra sərhəd mövqelərində hərbçilərə silah verilmədiyi, mövqelərdə isə yalnız sursatın saxlanıldığı ilə bağlı yayılan məlumatlar diqqət çəkib.
Bu yanaşmanın hansı zərurətdən irəli gəldiyi və Ermənistanın təhlükəsizlik siyasəti baxımından nə ifadə etdiyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Maraqlıdır, sərhəd mövqelərində hərbçilərin silahsız xidmət aparması hansı zərurətdən irəli gələ bilər?
Bu yanaşma Ermənistanın daxili təhlükəsizliklə bağlı narahatlıqlarının göstəricisi kimi qiymətləndirilə bilərmi, yoxsa daha çox regiondakı proseslər və sülh gündəliyi fonunda verilən mesaj kimi dəyərləndirilməlidir?
Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxalıyev açıqlama verib.

Ekspert qeyd edib ki, Ermənistanda təlimlərdən sonra sərhəd infrastrukturunda xidmət aparacaq hərbçilərin silahlandırılmamasının əsas səbəblərindən biri onların sərhəddə törədə biləcəyi mümkün təxribatların qarşısını almaq məqsədi daşıyır:
“Bəs belə təxribatları adətən kimlər törədə bilər? Bunlar müxalif qüvvələrin təsiri altında olan və ya müxtəlif səbəblərdən güc strukturlarında silaha çıxış imkanı əldə etmiş hərbçilər ola bilər. Belə şəxslər bir nəfər də, iki və ya üç nəfər də ola bilər.
Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında indiyədək Ermənistan tərəfindən bu və ya digər formada törədilmiş təxribat nümunələri mövcud olduğundan, dövlət səviyyəsində bu məsələyə ehtiyatlı yanaşmanın olması təbiidir.
Xüsusilə də Ermənistan daxilində müxalifətin və ya digər ölkələrin maraqlarına xidmət edə biləcək qruplar vasitəsilə sərhəddə mümkün təxribatların törədilməsi ehtimalını məhdudlaşdırmaq, bu riskləri öncədən sığortalamaq məqsədilə belə addımlar atılır.
Əgər sual olunsa ki, bunun məntiqi varmı, hesab edirəm ki, var. Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin tam imzalanması ilə bağlı Ermənistanın müəyyən gözləntiləri mövcuddur və bu prosesin konstitusiya dəyişikliklərindən sonra baş tutacağı gözlənilir”.
Elxan Şıxalıyev vurğulayıb ki, lakin görünür ki, Ermənistanın daxili təhlükəsizlik və kəşfiyyat orqanlarında olan məlumatlar sərhəd infrastrukturunda xidmət aparacaq bəzi hərbçilərin mümkün təxribat törədə biləcəyi ehtimalının da nəzərə alındığını göstərir:
“Məhz buna görə də belə yanaşmaya üstünlük verilir. Artıq son bir il, hətta ilyarıma yaxın müddətdə Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması halları və Ermənistan tərəfindən ciddi sərhəd təxribatları müşahidə olunmur. Bununla belə, hazırda mühüm bir mərhələdən keçilir. Ermənistan həqiqətən də sülh sazişinin tam mətnini Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində imzalamağa hazırlaşırsa, bu proses müəyyən mənada sərhəddə xidmət aparan hərbçilərin davranışından da asılıdır.
Əks təqdirdə, sərhəddə baş verə biləcək hər hansı təxribat və ya atılan yanlış addım Azərbaycan Silahlı Qüvvələrinə qarşı yönəlmiş təxribat kimi qiymətləndirilə və fərqli dinamikləri hərəkətə gətirə bilər. Bu baxımdan, Ermənistan rəhbərliyinin daxildə təhlükəsizliyin pozulması ehtimalları ilə bağlı müəyyən ehtiyatlarının olması mümkündür. Mən bunu təxminən 10-20 faiz nəzərə alına biləcək yanaşma hesab edirəm. Nəzərə alsaq ki, Ermənistanın bütün güc strukturlarında müəyyən islahat və yenilənmə prosesi gedir, yeni yaradılacaq bölmələrə və yeni mövqelərə təyin olunacaq şəxslərlə bağlı da mövcud təxribat risklərinə qarşı ehtiyat tədbirlərinin görülməsində və belə addımların atılmasında fayda görürəm”.




