1 MİLYON TİRAJLI “SƏHƏR” QƏZETİNİN İŞIĞI

Mətbuat tariximizin unudulmaz eposunun 37 yaşı tamam oldu


Zaman fırlanır, illər təqvim vərəqlərini amansız bir sürətlə qoparıb aparır, amma tarixin elə dönəmləri, elə mənəvi zirvələri var ki, onlar heç vaxt unudulmur, köhnəlmir. 1990-cı ilin o qanlı, sınaqlı və eyni zamanda xalqın milli azadlıq ruhunun coşduğu Yanvar günlərində mətbuat tariximizə qızıl hərflərlə yazılan bütöv bir dastan doğuldu. Bu, cəmi bircə nömrəsi ilə düz 1 milyon tirajla çapdan çıxıb xalqın əlindən tutan, onun qaranlıq gününə günəş kimi doğan əfsanəvi “Səhər” qəzeti idi.


1990-cı ilin yanvarı Azərbaycanın həm böyük ağrısı, həm də milli oyanışının, qürurunun zirvəsi idi. Sovet imperiyasının tankları Bakı küçələrində dinc insanları qanına qəltan edəndə, paytaxtın və ölkənin bütün informasiya damarlarını kəsmişdilər. Televiziya partladılmışdı, radiolar susdurulmuşdu, qəzetlərin çapına ciddi hərbi senzura və qadağa qoyulmuşdu. Xalq tam bir informasiya blokadasında, qaranlıqda qalmışdı. Bax, o qaranlığın bağrını yarıb xalqa həqiqəti pıçıldayan, millətin dərdinə ortaq olan, qorxunu yenən bir qəhrəman mətbuat fədaisi lazım idi. Və o fədai özünü çox gözlətmədi — ustad jurnalist Məzahir Süleymanzadənin rəhbərliyi, bir qrup cəsur ziyalının fədakarlığı ilə “Səhər” qəzeti meydana atıldı.
Həmin vaxt hərbi komendantlığın qılıncının altından keçib, imperiya zülmünə meydan oxuyaraq qəzet çıxarmaq sadəcə peşə fəaliyyəti deyil, birbaşa ölümün gözünə dik baxmaq, vətən fədaisi olmaq demək idi. İndiki kimi kompüterlər, sürətli texnologiyalar yox idi; qəzet linotip maşınlarında, qurğuşun hərflərlə, hərbi patrulların addım səsləri altında, gizli-aşkar əsəb gərginliyi ilə yığılırdı. Amma o çətinliklərin içindən elə bir möcüzə doğuldu ki, dünya mətbuatı belə heyrətə gəldi: 1 milyon tiraj! Bu, sıradan bir rəqəm deyil; bu, o dövrün şəraitində xalqın informasiya aclığının, həqiqətə olan susuzluğunun və mətbuata olan sonsuz inamının göstəricisi idi.


“Səhər” qəzetinin o məşhur yanvar nömrəsi köşkə çıxmadı, o qəzet əldən-ələ, evdən-evə, rayondan-rayona gəzdi. Yaxşı yadımdadır, onda hələ mətbuata işləməyə gəlməmişdim, amma komsomoldakı işimdən çıxmışdım. Özü də üsyankarcasına. Evdə oturduğum vaxtlarda sözə, təsəlliyə böyük ehtiyac var idi. Belə bir məqamda bu missiyanı öz üzərinə “Səhər” qəzeti götürdü. 1 milyon tirajla çapdan çıxmış “Səhər”in bir nömrəsi də məndə idi. Bu nömrəni bəlkə də yüz adam oxudu, hər cümləsindən təsəlli tapdı, hər xəbərindən millətin gələcəyinə ümid bəslədi. “Səhər” təkcə kağız parçası olmadı, Bakının qanlı küçələrindən gələn harayı eşitdi, şəhidlərin ruhuna oxunan ağını yaydı, xalqın bükülməyən qəddinin mənəvi dayağına çevrildi. O, imperiyanın yalan maşınını darmadağın edən ən güclü silahımız oldu.


Bu gün mətbuat tariximizə, keçmişimizə boylananda “Səhər” qəzetinin o 1 milyonluq tirajını, sadəcə, bir xatirə kimi deyil, Azərbaycan jurnalistikasının şərəf, ləyaqət və qəhrəmanlıq pasportu kimi xatırlayır və əmanət kimi saxlayıram. O dövrdə qəzetin ərsəyə gəlməsində əməyi olan, o qorxulu günlərdə canını ortaya qoyan hər bir ziyalının, hər bir jurnalistin, mətbəə işçisinin qarşısında baş əymək borcumuzdur. “Səhər” qəzeti sübut etdi ki, söz haqqın tərəfində olanda onu heç bir tank, heç bir silah susdura bilməz. O şirin və ağrılı xatirələr hər zaman bizim yaddaşımızda yaşayacaq, gələcək jurnalist nəsillərinin yoluna nur saçacaq. O qəzetdən hazırda bizə qalan yeganə təsəllimiz onun adı, onu xatırlayan insanların, sağ qalan əməkdaşlarının yaddaşlarıdır!

Daşdəmir ƏJDƏROĞLU