Cənubi Koreyada rekord istilər can aldı – Ölənlərin sayı artır

Cənubi Koreyada müşahidə olunan rekord istilər insan tələfatına səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, mayın ortalarından bəri anomal isti hava şəraiti nəticəsində azı 16 nəfər həyatını itirib.

Bildirilir ki, 15 may – 3 avqust tarixləri arasında istilərlə əlaqədar yaranan sağlamlıq problemləri səbəbindən 2025 nəfər xəstəxanalara müraciət edib.

Avqustun 2-də ölkənin cənub-şərqində yerləşən Yansan şəhərində havanın temperaturu 42,5 dərəcəyə çatıb. Bu göstərici 1904-cü ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ən yüksək temperatur kimi qeydə alınıb.

Yüksək temperaturla əlaqədar səlahiyyətli qurumlar vətəndaşlara açıq havada uzun müddət qalmamağı və ağır fiziki işlərdən çəkinməyi tövsiyə edib.

“Çoson İlbo” qəzetinin yazdığına görə, avqustun 3-də Kyonqido əyalətində termal kameralarla təchiz edilmiş pilotsuz uçuş aparatları tarlalarda çalışan fermerləri müəyyən edərək onlara işi dayandırmaları barədə xəbərdarlıq edib.