“Cəhalət norma kimi: ABŞ diplomatları niyə dünya xəritəsini tanımır?” – “Le Monde”

ABŞ Dövlət Departamentinin Braziliyada keçirilən beynəlxalq QİÇS konfransında nümayiş etdirdiyi Afrika xəritəsi ciddi qalmaqala səbəb olub.

Bu barədə Fransanın “Le Monde” nəşri yazıb.

ABŞ-ın Afrika xəritəsindəki səhvi müzakirə mövzusuna çevrildi

Nəşr yazır ki, bu hadisə ABŞ-da təhsilin keyfiyyətinin aşağı düşməsinin və süni intellektə kor-koranə etimadın növbəti nümunəsi kimi qiymətləndirilir.

Konfrans zamanı nümayiş etdirilən xəritədə Kot-d’İvuar (Fil Dişi Sahili) qitənin cənubunda göstərilib, Nigeriya dənizə çıxışı olmayan ölkə kimi Səhranın mərkəzinə yerləşdirilib, Kamerun isə ümumiyyətlə xəritədən yoxa çıxıb.

Mozambik də səhvən Afrikanın şərqinə köçürülüb. Ekspertlər bu cür kobud səhvlərin, xüsusilə də Afrika ölkələrinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə yol verilməsini ABŞ-ın tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər.

Süni intellekt, yoxsa insan amili?

ABŞ Dövlət Departamenti baş verənləri “təəssüf doğuran səhv” adlandıraraq məsuliyyəti üzərinə götürüb. Bildirilib ki, təqdimat çıxışdan əvvəl tələsik redaktə edilib. “Reuters” agentliyi isə xəritədə süni intellektdən istifadəni göstərən su nişanı aşkar edib. Ehtimala görə, xəritə “OpenAI” alətlərindən biri vasitəsilə hazırlanıb və model səhvə yol verib. 

Priston Universitetinin süni intellekt üzrə mütəxəssisi Adji Busso Dienq bildirib ki, bu hadisə süni intellektin nəticələrinin mütləq insan tərəfindən yoxlanılmasının vacibliyini bir daha göstərir. Onun sözlərinə görə, belə texnologiyalarda faktiki səhvlər hələ də ciddi problem olaraq qalır.

Problem təkcə xəritədə deyil

Nəşr yazır ki, problem yalnız süni intellektlə bağlı deyil. ABŞ məktəblərində coğrafiya ikinci dərəcəli fənn hesab olunur və 2015-ci il hesabatına görə, səkkizinci sinif müəllimlərinin yarıdan çoxu bu fənnə dərs vaxtının 10 faizindən də azını ayırır. Məqalədə xatırladılır ki, 2020-ci ildə keçirilən sorğuda amerikalı seçicilərin cəmi 23 faizi İranı dünya xəritəsində düzgün göstərə bilib.

Müəllif Donald Trampın da dəfələrlə coğrafi səhvlərə yol verdiyini qeyd edir. O, NATO sammiti zamanı İranı Yaponiya ilə səhv salaraq “Yaponiya İslam Respublikası” ifadəsini işlədib, daha əvvəl isə Tehrana ünvanlanan hədəni səhvən Omana aid edib.

“Le Monde” vurğulayır ki, coğrafi səhvlər təkcə siyasətçilərə məxsus deyil. Müxtəlif illərdə CNN və “Fox News” da xəritələrdə oxşar yanlışlıqlara yol veriblər. Bununla belə, nəşrin fikrincə, ABŞ-ın son insidenti beynəlxalq diplomatiyada peşəkarlıq və diqqətin vacibliyini bir daha gündəmə gətirib.