Pakistanda qar uçqununda itkin düşən alpinistlərdən daha dördünün meyiti tapıldı

Pakistanda yerləşən Broud-Pik dağında (8 051 metr) qar uçqunu nəticəsində əlaqə kəsilən 10 alpinistdən 8-nin meyiti xilasedicilər tərəfindən aşkar edilib.

Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

Bundan əvvəl yürüş iştirakçılarından dördünün cəsədinin tapıldığı bildirilmişdi. Qrupun itkin düşən digər iki üzvünün axtarışları isə hazırda davam etdirilir.

Qeyd edək ki, iyulun 29-da Nepal, Pakistan, ABŞ, Oman və Çindən olan alpinistlər komandası Broud-Pik zirvəsinə doğru yürüşə başlayıb. Ekspedisiyaya 2019-cu ildə dünyanın ən yüksək 14 zirvəsini rekord qısa müddətdə fəth edən məşhur nepallı alpinist Nirmal Purca rəhbərlik edib. İyulun 30-da dağda uçqun baş verib və bundan sonra qrupla əlaqə tamamilə kəsilib.

GPS sensorlarının məlumatlarına əsasən, idmançılar uçqun nəticəsində bir kilometr aşağı yuvarlanıblar.

Axtarış-xilasetmə əməliyyatına Pakistan ordusuna məxsus iki helikopter cəlb olunub. Pakistanla Çin sərhədində yerləşən Broud-Pik dağı dünyanın 12-ci ən yüksək zirvəsidir və bölgədəki çox çətin fəth edilən nöqtələrdən biri hesab edilir.