İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? – Həkimdən XƏBƏRDARLIQ

“Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər”.

Bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib.

Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelement çatışmazlığı isə burada ikinci dərəcəli amildir. Soyuq su qan damarlarını daraldaraq qan dövranını zəiflədir ki, bu da əzələlərin daha tez yorulmasına gətirib çıxarır.

“Spazma baş verdikdə təşvişə düşmək olmaz, çünki tənəffüsün pozulması boğulma ehtimalını artırır. Kürəyiüstə çevrilmək, qıcolma baş verən əzələni dartmağa çalışmaq və əllərin köməyi ilə yavaş-yavaş sahilə doğru hərəkət etmək lazımdır.

Baldır əzələsi gərilərsə, dərhal dizi düzəltmək və ayaq ucunu özünüzə doğru çəkmək tövsiyə olunur. Sahil uzaqdadırsa, mütləq ətrafdakıları köməyə çağırmaq lazımdır.

Sudan çıxdıqdan sonra zədələnmiş əzələni masaj etmək və isitmək tövsiyə olunur. Təkrar qıcolma riskinə görə həmin gün yenidən çimmək məsləhət görülmür”, – deyə mütəxəssis bildirib.

Həkim üzməyə başlamazdan əvvəl isinmə hərəkətləri etməyi, suya yavaş-yavaş girməyi, həmçinin təkbaşına, alkoqol qəbulundan sonra, acqarına və ya həddindən artıq yorğun halda suya girməməyi tövsiyə edir.