İctimai Nəzarət dünya azərbaycanlılarını birgə fəaliyyətə səsləyir

0
826

“Başqırdıstan Respublikasında yaşayan azərbaycanlılar və bu ölkənin öz vətəndaşları arasında ölkəmizdə sabitliyin pozulmasına xidmət edən qeyri-etik çıxışlara dəstək verən Avropanın bir sıra şəhərlərində məskunlaşmış xain və tərbiyəsiz soydaşlarımız kimi insanların olmaması çox fərəhverici haldır”.
Bu sözləri Başqırdıstanın Ufa şəhərində işguzar səfərdə olan Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov bildirmiş və eyni zamanda bunları söyləmişdir:
“Beynəlxalq müstəvidə təşkilatımızın ilk nümayəndəliklərindən birinin Başqırdıstanın Ufa şəhərində yaradılması da təsadüfi hal deyil. Başqırdıstanın 1400 azərbaycanlı vətəndaşı var. 20 minə yaxın azərbaycanlı isə burada müvəqqəti yaşayan iş adamlarıdır.
Buradakı azərbaycanlılardan bir nəfər də “üz qaramız” olan “söyüş kompaniyasına” qoşulmayıb və ölkəmizin adına xələl gətirəcək addımlar atmayıb.
Burada görüşdüyümüz insanların ölkəmizlə bağlı yeganə şikayəti korrupsiya və rüşvətxorluqla bağlı oldu.
Ölkəmizin rəhbərinin uğurlu siyasi addımları, sosial-iqtisadi, mədəni sahələrdəki inkişafımızı razılıqla dilə gətirən Ufadakı həmvətənlərimiz, sadəcə olaraq, prezidentimizin ətrafında olan bəzi dırnaqarası məmurların və onların qohum-əqrəbalarının ölkə rəhbərimizin fəaliyyətinə kölgə salmasından təəssüfləndiklərini bildirdilər”.
Rasim Məmmədov ölkə ictimaiyyətinə üz tutaraq bildirmişdir: “Bütün bu narazılıqların və xoşagəlməz insidentlərin qarşısını almaq üçün radikallıqdan, söyüş və təhqirlərdən uzaq olaraq ictimai əsaslara yönələn sivil addımlar atmalıyıq.
Sağlam və şəffaf fəaliyyəti ilə fərqlənən təşkilatlar ətrafında birləşmək lazımdır”.
R.Məmmədov eyni zamana ölkə rəhbərliyinə qarşı haqsız və tərbiyəsiz ittihamlara qarşı təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan azərbaycanlıların da etirazlarını bildirməyinin vacibliyini qeyd etmişdir:
“İctimai nəzarət yalnız rəhbər orqanların deyil, hər bir vətəndaşımızın qanunlarımza, etik normalarımıza riayət etməməsinə qarşıdır”.
Onu da qeyd edək ki, Rasim Məmmədovun İNK, DAMM, SİM İctimai Birliklərinin Ufa şəhərindəki nümayəndəliyinin rəhbəri Şamil Abbasov, bu şəhərətrafı regionlar üzrə İNK sədri İlkin Əliyev və bu şəhərdəki İNK üzvləri ilə görüşlərində, söhbətlərində Birliyin son dövrdəki fəaliyyəti və gələcək planları ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda kreativ biznesin inkişafı ilə bağlı İNK layihələrinin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlığın təməli qoyulmuşdur.

“ictimaixeber.az”