ABŞ və İran arasında aparılan danışıqlarda maliyyə kompensasiyası əsas mübahisə mövzularından birinə çevrilib.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran vasitəçilərə ilkin qarşılıqlı anlaşma memorandumunun razılaşdırılmasından dərhal sonra maliyyə kompensasiyası almaq istədiyini bildirib. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası hesab edir ki, vəsaitin bu qədər erkən mərhələdə verilməsi Vaşinqtonun hərbi əməliyyatlar nəticəsində Tehrana vurduğu iqtisadi zərəri azalda bilər.
Mənbələrin sözlərinə görə, Donald Tramp İranla bağlanacaq sazişin “kisələrlə pul paylanması” kimi təqdim olunmasını istəmir. ABŞ lideri bu ifadəni 2015-ci ildə sabiq prezident Barak Obamanın İrana maliyyə kompensasiyası ödənilməsi qərarını tənqid edərkən də işlədib.
“Prezident müşavirlərinə açıq şəkildə bildirib ki, ABŞ-ın İrana birbaşa pul köçürməsini nəzərdə tutan heç bir sazişi imzalamayacaq. Çünki bu, Obama dövründəki razılaşma ilə müqayisələrə səbəb ola bilər”, – deyə məlumatda qeyd olunur.
Bundan əlavə, Ağ Ev İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyənə qədər heç bir maliyyə vəsaiti almayacağını vurğulayıb. ABŞ rəsmiləri bununla bağlı “Toz yoxdursa, dollar da yoxdur” ifadəsindən istifadə edirlər.




