Dolların məzənnəsi ilə bağlı YENİ PROQNOZ – İlin ikinci yarısında neçəyə satılacaq?

“Qarda Kapital”ın fond bazarı üzrə eksperti Kirill Seleznyov 2026-cı ilin ikinci yarısında dolların məzənnəsi ilə bağlı gözləntilərini bölüşüb.

O, bu barədə Gazeta.ru-ya müsahibəsində danışıb.

Ekspertin baza ssenarisinə görə, ilin ikinci yarısında dolların orta məzənnəsi 82–88 rubl civarında olacaq, dekabrın sonuna doğru isə bu rəqəmin 88–93 rubla çatması ehtimal edilir. Seleznyov ilin ilk yarısının daha güclü səviyyədə (75–78 rubl) keçdiyini nəzərə alaraq, 2026-cı il üçün orta illik məzənnənin 81–83 rubl ətrafında formalaşacağını proqnozlaşdırır.

Analitik rublun möhkəmlənməsinə mane ola biləcək bir sıra amilləri də qeyd edib. Onun sözlərinə görə, uçot dərəcəsinin azaldılması rublun dəyərdən düşməsinə səbəb olan başlıca faktordur, çünki hər faiz bəndi endirimi bir-iki ay ərzində 2-3% ucuzlaşma potensialı yaradır. Bundan əlavə, istehlak kreditlərinin əlçatanlığı sayəsində idxalın artması və büdcə qaydalarındakı dəyişikliklər nəticəsində valyuta alışlarının həcminin bir yarım-iki dəfə çoxalması rubla təzyiq göstərən digər əsas məqamlardır.

Ekspert neft qiymətlərinin hazırda büdcə qaydaları səbəbindən rubla daha az təsir etdiyini vurğulayıb. Onun fikrincə, geosiyasi proseslər məzənnəyə yalnız dolayı və ya yerli təsir göstərir, lakin əsas trendi müəyyən etmir. Qeyd edək ki, “Investing.com”un məlumatına görə, mayın 26-da birjadankənar bazarda dolların qiyməti 71,35 rubldan baha satılıb.