2025-ci ildə aparılan araşdırma orta hesabla bir insanın həftədə cəmi üç gecə keyfiyyətli yuxu aldığını ortaya çıxarıb.
Gündəlik qəbul edilən bəzi qida və içkilər yuxu keyfiyyətini artırmağa kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, triptofan adlı amin turşusu serotonin və melatonin hormonlarının istehsalında iştirak etdiyi üçün yuxuya müsbət təsir göstərir. Bu maddə əsasən quş əti və yumurtada olur.
Araşdırmalara görə, triptofanla zəngin qidaların karbohidratlarla birlikdə qəbul edilməsi onun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edə bilər. Süd və qatığın yulaf və taxıl məhsulları ilə birlikdə istifadəsinin də yuxunu dəstəkləyə biləcəyi qeyd olunur.
Mütəxəssislər banan, fıstıq yağı və tam taxıllı çörəyin də yatmazdan əvvəl uyğun qəlyanaltı ola biləcəyini bildirirlər. Bundan əlavə, yatmazdan təxminən bir saat əvvəl iki ədəd kivi yeməyin yuxu keyfiyyətini yaxşılaşdıra biləcəyi vurğulanır.
Araşdırmalar vişnə şirəsinin də tərkibindəki triptofan, melatonin və antioksidantlar sayəsində yuxu keyfiyyətini artırdığını göstərir.
Mütəxəssislər eyni zamanda kofein, şəkərli içkilər və acılı qidaların yuxuya mənfi təsir etdiyini bildirirlər. Son araşdırmalara əsasən, yaxşı yuxu üçün yatmazdan təxminən doqquz saat əvvəl qəhvə qəbulunu dayandırmaq tövsiyə olunur.
Həmçinin yatmazdan bir neçə saat əvvəl ilıq duş və ya vanna qəbul etməyin də orqanizmi yuxuya hazırlaya biləcəyi qeyd edilir.




