Son otuz il ərzində qlobal miqyasda psixi pozğunluqlardan əziyyət çəkən insanların sayı 95.5 faiz artaraq 1.17 milyard nəfərə çatıb.
“The Lancet” elmi jurnalında bu barədə yeni tədqiqata dair məqalə dərc olunub.
Elmi iş Çin, ABŞ, Avstraliya, Rusiya və digər ölkələri təmsil edən beynəlxalq alimlər qrupu tərəfindən reallaşdırılıb.
Araşdırmada müxtəlif yaş qruplarına aid qadın və kişilər arasında 12 psixi xəstəlik kateqoriyası təhlil edilib.
Tədqiqat 1990-2023-cü illəri əhatə etməklə 204 ölkənin məlumatlarına əsaslanır. Alimlərin gəldiyi qənaətə görə, dövlətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, 2023-cü ildə psixi xəstəliklər bütün dünyada səhiyyə sistemləri üçün ən ciddi çağırışlardan birinə çevrilib.
Mütəxəssislərin məlumatına əsasən, xüsusilə depressiya, təşviş pozğunluqları, şizofreniya, sinir anoreksiyası, bulimiya, distimiya və davranış pozğunluqları hallarının sayı daha sürətlə artmaqdadır.
Tədqiqatçılar vurğulayıblar ki, 2023-cü il ərzində psixi pozğunluqlar ən çox 15-19 yaş arası gənc qızlar arasında qeydə alınıb. Mövcud vəziyyətlə mübarizə aparmaq üçün ekspertlər xüsusilə orta və aşağı gəlirli ölkələrdə epidemioloji nəzarət sistemlərinin gücləndirilməsini təklif ediblər. Bununla yanaşı, alimlər erkən müalicə və profilaktika tədbirlərinin daha effektiv şəkildə inkişaf etdirilməsini zəruri sayırlar.




