Bu saatlar müasir zaman anlayışına meydan oxuyur

Çin alimləri hazırda dünyanın ən dəqiq hesab olunan optik saatlarını yaradıblar. Artıq məlumdur ki, bu cihaz saniyə anlayışının yenidən müəyyənləşdirilməsinə və ultra dəqiq qlobal vaxt standartının yaradılmasına səbəb ola bilər. 

Optik saatlar vaxtı atomlardakı elektronların enerji səviyyələri arasında keçidi zamanı yayılan işıq vasitəsilə ölçür. Bütün optik saatlar saniyəni vergüldən sonra 19 rəqəm dəqiqliyi ilə ölçə bilir. Hazırda bunlar bəşəriyyətin malik olduğu ən dəqiq cihazlardır. Məhz bu cihazlardan peyk naviqasiya sistemlərinin yaradılmasında istifadə olunur.

Çin alimlərinin hazırladığı yeni saatlar isə ən dəqiq model hesab edilir. Onlar təxminən 30 milyard il ərzində cəmi bir saniyədən az səhv edir — yəni nə geri qalır, nə də irəli gedir. Başqa sözlə, əgər bu saatlar kainatın hazırkı yaşından iki dəfə uzun müddət işləsəydi belə, cəmi bir saniyəlik fərq yaranardı.

Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları bildirirlər ki, yeni ixtira sayəsində cazibə qüvvəsi və yüksəkliklə bağlı millimetr səviyyəsində çox incə müşahidələr aparmaq mümkün olacaq. Bundan əlavə, bu saatlarla Yer qabığındakı deformasiyaları, yeraltı suların dəyişikliklərini və vulkan aktivliyini də izləmək mümkün olacaq.

Tədqiqatçıların sözlərinə görə, yeni cihaz saniyə anlayışının yenidən nəzərdən keçirilməsinə imkan verəcək. Bunun üçün müxtəlif müəssisələrdə müəyyən dəqiqlik və sabitlik səviyyəsinə malik ən azı üç belə optik saatdan istifadə olunmalıdır.