Rusiyada “iPhone” istifadəçilərini hədəf alan yeni kiberdələduzluq sxemi aşkarlanıb.
Bu barədə “Qazeta.ru” məlumat yayıb.
Bildirilib ki, fırıldaqçılar “Telegram” kanalları vasitəsilə insanlara ödənişli tətbiqləri pulsuz quraşdırmaq və ya başqasının Apple ID-si ilə giriş kimi təkliflər edirlər.
Məlumata görə, istifadəçi həmin Apple ID-yə daxil olan kimi onun “iPhone”-u “Lost Mode” (itirilmiş rejim) vasitəsilə uzaqdan bloklanır. Daha sonra cihazın açılması üçün 100-500 avro tələb olunur. Razılaşmayan istifadəçilərə isə cihazın tam bloklanacağı ilə hədə-qorxu gəlinir.
Mütəxəssislər bildirir ki, bu sxem xüsusilə təhlükəlidir, çünki bəzi hallarda başqa Apple ID-yə giriş zamanı həqiqətən tətbiq yükləmək mümkün olduğu üçün istifadəçilər aldanır.
Ekspertlər bildiriblər ki, şəxsi cihazda heç bir halda başqasının Apple ID-sinə daxil olmaq olmaz. Əks halda cihazın blokdan çıxarılması çətinləşir və proses həftələrlə, hətta aylarla davam edə bilər.




