İki ölkədən rusları kütləvi şəkildə deportasiya edirlər – Səbəbi

Tailand və İndoneziyanın Bali adasında turist kimi uzunmüddətli qalaraq qaydaları pozan əcnəbilərə qarşı yeni məhdudiyyətlər tətbiq olunur. 

Yerli bələdçi Nyoman Arnava “Kp.ru”ya açıqlamasında bildirib ki, xüsusilə rusiyalı və ukraynalı turistlərin daha çox yaşadığı ərazilərdə reydlər keçirilir.

Onun sözlərinə görə, yoxlamalar zamanı turist vizası ilə ölkədə qalaraq icazəsiz şəkildə onlayn işləyən və ya “kölgə biznesi” quran əcnəbilər aşkarlanır. Qaydaları pozan şəxsləri həbs, deportasiya və 31 min ABŞ dollarına qədər cərimə gözləyir.

Bali hakimiyyəti həmçinin “relokantların qeyri-rəsmi biznes fəaliyyəti” ilə mübarizəni də gücləndirib. Yerli əhalinin şikayətləri isə bu tədbirlərin əsas səbəblərindən biri kimi göstərilir. Şikayətlər arasında turistlərin gecə saatlarında səs-küylü əyləncələr keçirməsi, motosikletləri dəbilqəsiz idarə etməsi və məbədlərə qarşı hörmətsiz davranışlar yer alır.

Nyoman Arnava qeyd edib ki, Bali cəmiyyətində “Tri Hita Karana” fəlsəfəsi – insan, təbiət və mənəviyyat arasında harmoniya əsas dəyər sayılır və xaricilərin bu qaydalara əməl etməməsi ciddi narazılıq yaradır.