Qəhrəmanlıq tariximizi yazanlar” 10- çi il dönümü adlı möhtəşəm tədbir keçirilib

Aprel ayının 1-də Sumqayıt Dövlət Dram Teatrı-da “Zəfərə gedən yol” mövzusunda Aprel döyüşlərinə və bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsinə həsr edilən “Qəhrəmanlıq tariximizi yazanlar” adlı genişmiqyaslı tədbir keçirilib.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən gəlmiş şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, millət vəkilləri, Sumqayıt Şəhər İcra Hakimiyyəti-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, zabit və generallar, təşkilat rəhbərləri, eləcə də gənclər və məktəblilər iştirak ediblər. Tədbir böyük izdiham və yüksək təşkilatçılıq şəraitində baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədə Aprel döyüşlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. “Zəfərə gedən yol” adlı fraqmentlər təqdim olunub, eləcə də “Qalxış” layihəsi çərçivəsində hazırlanmış materiallar izlənilib. Bu görüntülər vasitəsilə Aprel döyüşlərinin şanlı səhifələri bir daha yada salınıb və onların xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğu vurğulanıb.

Daha sonra aparıcı tərəfindən rəsmi qonaqlara söz verilib. Çıxış edən Fərman Kazımov, Elnarə Akimova, Rizvan Nəbiyev, Ceyran Həsənova və Aprel döyüşlərinin iştirakçısı, qazi Əhliyyət Mehdiyev Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun gücündən, şəhidlərimizin qəhrəmanlıq salnaməsindən və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi in vacibliyindən bəhs ediblər.

Tədbirin Azərbaycan Mədəniyyət Nazirliyi,Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri və şəhid anası Ceyran Həsənovanın təşəbbüsü ilə həyata keçirilib

Çıxışlardan sonra tədbirin bədii hissəsinə start verilib. Bu hissədə Sumqayıt Dövlət Dram Teatrı-nın əməkdaşları tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar təqdim olunub, musiqi nömrələri səsləndirilib, müğənnilərin ifaları və məktəblilərin şeir və rəqs çıxışları nümayiş etdirilib.

Eyni zamanda, Sumqayıt şəhər Ümumtəhsil texniki fənlər təmayüllü liseyi-nin xor kollektivi də tədbirə xüsusi rəng qatıb. Onların vətənpərvərlik ruhunda ifa etdikləri musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində Ceyran Həsənova-ya “Qəhrəman ana” adına layiq görülərək fəxri diplom təqdim olunub. Mükafat Təranə Alməmmədova tərəfindən təqdim edilib və bu an tədbirin ən təsirli məqamlarından biri kimi yadda qalıb.

Sonda qeyd olunub ki, bu cür tədbirlər şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq tariximizin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri