Müqəddəs Ramazan ayının mənəvi dəyərlərini yaşadan və xeyirxahlıq nümunəsi olan daha bir gözəl təşəbbüs Qəbələ rayonunda həyata keçirildi. Rayonun tanınmış iş adamı, xeyirxah əməlləri ilə seçilən Xanlar müəllim tərəfindən özünün təsis etdiyi “Xanlar” restoranında Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ailələri və qazilər üçün geniş və səmimi iftar süfrəsi təşkil olundu.
İftar məclisində 44 günlük Vətən müharibəsinin şəhid ailələri ilə yanaşı, 90-cı illərdə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri və qazilər iştirak etdilər. Tədbir yüksək ehtiram, səmimiyyət və mənəvi dəyərlərlə zəngin bir mühitdə baş tutdu.
Xanlar müəllim tədbirə qatılan qonaqları böyük hörmət və ehtiramla qarşıladı. O, iftar süfrəsi boyunca şəhid ailələrinə xüsusi diqqət göstərdi, onlarla səmimi söhbətlər etdi, xoş arzularını və xoş niyyətlərini bildirdi. Qeyd etmək lazımdır ki, Xanlar müəllim qonaqlara yalnız ev sahibi kimi deyil, həm də böyük ehtiram sahibi bir insan kimi yanaşaraq şəhid ailələrinə şəxsən özü xidmət göstərdi. O, yeməklərin paylanmasında iştirak etdi, bəzi yeməkləri özü çəkərək qonaqlara təqdim etdi. Bu isə tədbirin nə qədər ürəkdən və səmimi şəkildə təşkil olunduğunu bir daha göstərdi.
Tədbir zamanı müqəddəs Qurani-Kərimdən ayələr oxundu, şəhidlərimizin əziz ruhlarına dualar edildi. Şəhid ailələri və qazilər çıxış edərək göstərilən diqqət və qayğıya görə Xanlar müəllimə dərin minnətdarlıqlarını ifadə etdilər.
Xanlar müəllim öz çıxışında qeyd etdi ki, Vətən uğrunda canından keçən şəhidlərimiz xalqımızın qürur mənbəyidir və onların ailələri hər zaman cəmiyyətimizin ən böyük ehtiramına layiqdir. O, dövlətimizin və dövlətçiliyimizin güclənməsindən, xalqımızın birliyindən və şəhid ailələrinə göstərilən diqqət və qayğının daim davam etməsinin vacibliyindən danışdı.
İftar məclisinin sonunda tədbirin xatirəsi olaraq şəhid ailələri və qazilərlə birlikdə xatirə şəkilləri çəkdirildi. Bu səmimi anlar tədbirin yadda qalan ən dəyərli məqamlarından biri oldu.
Tədbirin keçirildiyi “Xanlar” restoranının kollektivi də qonaqlara yüksək səviyyədə xidmət göstərərək bu xeyirxah təşəbbüsün layiqincə həyata keçirilməsinə öz töhfəsini verdi.
Belə nəcib və mənəvi dəyəri yüksək olan təşəbbüslər cəmiyyətimizdə şəhid ailələrinə olan sonsuz hörmətin, milli-mənəvi dəyərlərimizin yaşadılmasının və həmrəyliyin bariz nümunəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri
















