Son günlər heç bir xəbərdarlıq edilmədən qaz smart kartlarının bloklanması ilə bağlı hallar abonentlər arasında narazılıq yaradıb. Məsələ əsasən qaz sayğaclarına baxış keçirilməsi ilə əlaqədar ortaya çıxır.
Belə ki, bəzi hallarda qaz xidmətinin əməkdaşları tərəfindən sayğaca baxış üçün ünvanlara yaxınlaşılır, abonent evdə olmadıqda onun imzası və xəbəri olmadan akt tərtib edilir. Daha sonra müəyyən müddət keçdikdən sonra həmin aktlara əsaslanaraq smart kartların bloklanması halları baş verir. Yəni, abonentin iştirakı və imzası olmadan rəsmiləşdirilir. Nəticədə abonentlər sonradan kartlarının bloklandığını öyrənir və problemin səbəbini aydınlaşdırmaq üçün qaz xidmətinə müraciət etməli olurlar.
Ekspertlər hesab edir ki, bu kimi halların qarşısını almaq üçün abonentlərin əvvəlcədən məlumatlandırılması, sayğaca baxış üçün təkrar vaxtın təyin edilməsi və aktların daha şəffaf qaydada rəsmiləşdirilməsi vacibdir.
Məsələ ilə bağlı aidiyyəti qurumların prosedurların tətbiqi və abonentlərin məlumatlandırılması mexanizmləri ilə bağlı mövqeyi maraq doğurur.




