Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
Nizami Kino Mərkəzində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Bu il festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.
Qeyd edək ki, ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən festivalda dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Bu il beynəlxalq debüt tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının “Ən yaxşı prodüser” mükafatına layiq görülən Zeynep Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kino mütəxəssisi İqor Soukman qiymətləndirəcəklər.
Festivalın yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır.
Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı “Qızıl Nar”dır.




