Təhlükəli plan: Bu dəhliz regionu müharibəyə sürükləyə bilər

Suriyanın cənubunda ərəb qəbilələri ilə druz icmaları arasında baş verən toqquşmalar müvəqqəti dayandırılsa da, bölgədə gərginlik azalmır.

Suriya Demokratik Qüvvələrinin (SDQ) “Druz bölgəsinə humanitar dəhliz” təşəbbüsü bölgədə yeni geosiyasi qarşıdurmalara yol aça bilər.

Təhlükəsizlik ekspertləri bu dəhlizin İsrailin uzun müddətdir planlaşdırdığı “David dəhlizi”nə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər. SDQ-yə bağlı PYD/YPG strukturlarının “Şimali və Şərqi Suriya Muxtar Administrasiyası” adından çıxış edən nümayəndəsi İlham Əhməd Suveyda bölgəsinə humanitar dəhliz tələbi edib. O, bölgədə pisləşən humanitar vəziyyəti əsas gətirərək, dəhlizin açılmasına hazır olduqlarını bəyan edib.

Lakin təhlükəsizlik və terror üzrə ekspert Ünal Atabay bu təşəbbüsün arxasında daha geniş və təhlükəli planların ola biləcəyini bildirib: “Bu, ilk baxışda humanitar yardım kimi təqdim olunur, lakin sonrakı mərhələdə bölgədə daimi quru əlaqəsi və YPG-nin strateji mövcudluğu formalaşdırıla bilər”.

Atabayın sözlərinə görə, amerikalılar da bu xətt boyunca müəyyən nöqtələri zaman-zaman bombalayır. Lakin İŞİD təhlükəsi adı altında bu dəhlizin beynəlxalq koalisiya tərəfindən “təhlükəsizlik çətiri” altına alınması planlaşdırıla bilər. Bu isə son nəticədə YPG/PKK-nın bölgədə daimi hərbi və inzibati mövcudluğunu leqallaşdıra bilər.

ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Tomas Barakın SDQ lideri Məzlum Abdi ilə keçirdiyi görüş də diqqət çəkir. Görüşdə SDQ-nin Dəməşqlə inteqrasiyasına dair tövsiyələrin verildiyi bildirilir. Ekspertlər isə Barakın verdiyi bəyanatların ABŞ-ın rəsmi mövqeyini nə dərəcədə əks etdirdiyinə şübhə ilə yanaşır.

“ABŞ Dövlət Departamenti Suriyada federasiya məsələsinə “öz işləridir” deyə yanaşır. Barak isə Türkiyə ilə paralel hekayə yazmağa çalışır”, – Atabay bildirib.

Eyni zamanda İsrail də Suveydadakı druz icmalarına yardım bəhanəsi ilə prosesə daxil olur. İsrailin İctimai Yayım Korporasiyası bildirib ki, Səhiyyə Nazirliyi bölgəyə tibbi avadanlıq və ləvazimat göndərməyə hazırlaşır. Bu yardımların İsrail ordusu və təhlükəsizlik qüvvələrinin nəzarəti ilə həyata keçiriləcəyi vurğulanır.