“Son zəng”lə bağlı rəsmi xəbərdarlıq

0
17

“Agentlik 207 saylı məktəbin direktorunun “Son zəng”lə bağlı pul tələb etməsi kimi neqativ haldan xəbərdardır, bununla bağlı komissiya yaradılıb”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E. Bağırov bildirib ki, məsələ ilə bağlı yoxlamalar aparılıb: “Son zəng” tədbiri ilə bağlı Agentliyin təlimatı var. Həmin təlimata əməl etmək lazımdır. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırışlar edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib.

Tədbirlərdə şagirdlərin çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbirin keçirilməsi yolverilməzdir”.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakıda 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə vəzifəsindən azad edilib.