Rusiya və Ukrayna arasında danışıqların təşkilində Türkiyənin yeganə məqsədi regionda sülhün bərqərar olmasıdır.
Bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik “AHaber” telekanalının efirində deyib.
“Türkiyə üçün yeganə fayda qlobal və regional sülhün bərqərar olması və onun qorunub saxlanmasıdır. Bundan başqa Türkiyənin heç bir məqsədi və ya gizli gündəmi yoxdur”, – partiya sözçüsü bildirib.
Çelik əlavə edib ki, Türkiyə hər kəs masanı alt-üst edərkən danışıqları təşkil etməyə davam edir.
Xatırladaq ki, mayın 11-də gecə çıxışı zamanı Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib. Putin Kiyevə mayın 15-də İstanbulda danışıqları heç bir şərt olmadan bərpa etməyi təklif edib.