Ölkədə silsilə qətllər: psixoloq həyəcan təbili çaldı

0
506

Son vaxtlar gənclər arasında qanlı olayların, bıçaqlanma, hətta güllələnmə hadisələrinin yaşanmasına tez-tez rast gəlinir. Bu cinayətlərin bir çoxu ölümlə nəticələnir. Ekspertlər bunun təhlükəli tendensiya olduğunu və qarşısının alınması gərəkdiyini bildirirlər.
Məsələ ilə bağlı Axar.az-a danışan psixoloq Gülnar Orucova vurğulayıb ki, cinayət törədən və yaxud buna cəhd edən gənclər, yeniyetmələr bir çox hallarda öz gücünü, cəsarətini göstərmək, yaşıdlarına özünü sübut etmək və onların etimadını qazanmaq üçün bu addımı atır:
“Günümüzdə yeniyetmə və gənclər arasında aqressiya və təcavüzkarlığa meyillilik hallarının artdığına şahid oluruq. Bu halların artmasının əsas səbəbləri sosial şəbəkələr, televiziyalarda yayımlanan kriminal hadisələr, müxtəlif filmlər olmaqla yanaşı, məktəblərdə psixoloqların az olmasıdır. Bütün bu hallar gənclər arasında kriminal həyata marağın artmasına səbəb olur.
Əslində, bu problemlər ailə ilə bağlı olan bir məsələdir. Əvvəlki illərə nəzər salsaq görərik ki, ailədə mübahisələrin, bir-birinə qarşı zorakılıq hallarının sayı daha az idi. Bir uşaq evdə ancaq söz-söhbət, dava-dalaş görürsə, bunu böyüdükcə ətrafında olan şəxslər üzərində göstərməyə başlayır. Çünki uşaq beyni belə travmaları unutmur və illər keçdikcə bu, onda daha çox artır. Düzdür, aqressiya, əsəb, səbirsizlik hər kəsdə olan bir problemdir, lakin təəssüf ki, bu problemləri uşaqlara da ötürürük və bu da onların psixologiyasına çox ciddi təsir edir. Bütün bu sadalanan məsələlər gənclərin cinayət törətməsinə və ya buna cəhd etməsinə gətirib çıxarır”.