“X-37B” orbital eksperimental təyyarəsi yeni rekorda imza atıb

0
502

ABŞ Hərbi Hava Qüvvələrinin hazırladığı “X-37B” eksperimental təyyarəsi növbəti sınaqdan keçərək kosmosda qalma müddəti üzrə rekorda imza atıb. 2017-ci ildə həyata keçirilən missiya ilə fərq bir gün təşkil etsə də, pilotsuz uçan aparat kosmosda ümumilikdə təxminən iki il qalıb.

“X-37B” təyyarəsinin missiyası 2017-ci ildə “SpaceX Falcon 9” raketini buraxmaqla başlayıb. ABŞ Hərbi Hava Qüvvələrinin təyyarənin uzun müddət ərzində havada saxlamaqda məqsədinin nədən ibarət olması ilə bağlı məlumat gizlin saxlanılır. Mühəndislərin tuşlama, naviqasiya və istilik müdafiə sistemlərini sınaqdan keçirməsi, üzləmə materiallarının davamlılığını və zədələrə qarşı dözümlülüyünü və idarəetmə sistemlərinin iş qabiliyyətini yoxlaması ehtimal olunur.

Məlumata görə, “X-37B” təyyarəsinin göyərtəsində ekipaj üçün yer nəzərdə tutulmayıb. Nəqliyyat vasitəsi müstəqil şəkildə atmosfer qatlarından keçərək qalxma-enmə zolağında üfiqi formada enə bilir.

Təyyarənin hazırlanılmasına 1997-ci ildə ABŞ Kosmik Agentliyinin (NASA) təşəbbüsü ilə başlanılıb. 2004-cü ildə layihə ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamına verilib. İndiyədək dörd uçuş həyata keçirən pilotsuz uçan aparat kosmosda ümumilikdə 2085 gün qalıb.