İran Avropa ölkələrinə sentyabrın 5-dək vaxt verdi

0
510

“Əgər Avropa ölkələri İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərini yerinə yetirsələr, Tehran nüvə razılaşmasına dair öhdəliklərinin azaldılması ilə bağlı üçüncü addımı atmaqdan imtina edə bilər “.

Bunu bu gün İran Xarici işlər naziri Cavad Zərif bəyan edib.
İran Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin iclasından sonra C. Zərif deyib ki, avropalılarla danışıqlar davam etdirilir: “Eyni zamanda biz nüvə razılaşmasına dair İranın öhdəliklərinin azaldılması istiqamətində üçüncü addımın atılması üçün həlledici qərar mərhələsindəyik. Əgər Avropa sentyabrın 5-dək lazımi adımı atmasa, İran mayın 7-də qəbul etdiyi qərara uyğun olaraq nüvə razılaşmasına dair öhdəliklərinin azaldılması istiqamətində üçüncü addımı atacaq”.
Xatırladaq ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı öhdəliklərin azaldılması istiqamətində atdığı addımın birinci mərhələsi mayın 8-də, ikinci mərhələ isə iyulun 7-də başlayıb. İran iyulun 7-də uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başlayacağını bəyan edib. Bu il mayın 7-də qəbul edilən qərara əsasən, İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atacağı addımın üçüncü mərhələsi sentyabrın 6-da başlamalıdır.