Styorenin iqlim qorxusu və Oslonun Bakıya qarşı bitməyən düşmənçiliyi

0
11

Uzaq Skandinaviya ölkəsində – Norveçdə Azərbaycana qarşı bir çox hallarda sərgilənən düşmən mövqe həmişə suallar yaradıb. Axı iqtisadiyyatı karbohidrogen ehtiyatlardan böyük ölçüdə asılı olan Norveç Azərbaycanın enerji resurslarını Avropa bazarına çıxaran “Əsrin müqaviləsi”nin iştirakçılarından olub və rəsmi Bakı hələ o dövrdən başlayaraq, bu ölkə ilə müsbət münasibətlərin tərəfdarı kimi çıxış edib. Yaxud Norveç və Azərbaycanın Avropanın enerji bazarında maraqları toqquşmayıb, əksinə, tərəfdaşlığa daha çox üstünlük verilib. Oslonun zaman-zaman boy göstərən anti-Bakı mövqeyində tutarlı səbəb və ya bu ölkənin maraqlarına uyğun hansısa detal tapmaq çətindir. Buna rəğmən, Norveçdən eyni mövqeyin bu gün də davam etməsi suallar yaradır.

Eyni sual Norveçin baş naziri Yonas Qar Styorenin Bakıda keçiriləcək COP29-da iştirakdan imtina etməsi ilə yenidən gündəmə gəldi.

– Norveçin Azərbaycana qarşı qərəzli mövqeyi nədən qaynaqlanır?
– Niyə bu ölkə qlobal iqlim problemlərinin müzakirə edildiyi tədbirdə iştirakdan imtina edir?

Səbəblərin axtarışı bizi bir neçə istiqamətə yönəldir və hər birində Yonas Qar Styorenin Bakıya gəlməkdən imtinasının arxasında müxtəlif maraqların olduğu ortaya çıxır.

Styore Bakıda fakt qarşısında qalmaqdan qorxur?

Bu ölkənin iqtisadiyyatının yarısından çoxu neft-qaz sektoruna bağlıdır və həyata keçirdiyi fəaliyyətlər zaman-zaman ekoloqların etirazına səbəb olur. Arktikada və Barents dənizində aparılan axtarış və qazma işləri, Atlantik okeanının çirkələnməsi, balinaların qanunsuz ovu, sənaye tullantılarının fyordlara atılmasına verilən rəsmi icazə… Norveçin ekologiyaya vurduğu zərərin siyahısı uzundur. Bu ölkə həm də Paris Sazişinə qoşulub və ekologiyanı qorunması üçün üzərinə öhdəliklər götürüb. Bunun fonunda rəsmi Oslo ekoloji fəlakətin yaranmasına baxmayaraq, neft-qaz sektorunun inkişafı istiqamətində axtarışların davam edəcəyini elan edir. Və bunu ekologiyaya vurulan zərərin miqdarında da praktiki olaraq nümayiş etdirir, xüsusilə Paris sazişinə qoşulandan sonra Norveçdə ekoloji tullantıların miqdarı artım tepmi ilə davam edir. Bu kontekstdə ortaya bir ehtimal çıxır: Norveçin baş naziri Bakıda qlobal iqlim çağırışları ilə üz-üzə qalmaqdan qorxduğu üçün COP29 tədbirində iştirakdan son anda imtina edib.

Hərçənd, yaratdığı ekoloji fəlakətlərə görə ilk növbədə bu ölkə qlobal iqlim problemlərinin müzakirəsinə qoşulmaqda maraqlı olmalı idi, ən azından, ekoloji problemlərlə mübarizə apardığını göstərmək baxımından. Lakin rəsmi Oslo son anda qərarını dəyişdi və Styorenin Bakıya gəlməkdən imtinasının arxasında bu məqam xüsusilə diqqət çəkir.

Norveçin ikiüzlülüyü və kənar direktivlər

Styore iyulun 18-də keçirilən Avropa Siyasi Birliyinin IV Sammiti zamanı jurnalistlərin suallarını cavablandırarkən, “COP29-un Azərbaycanda keçirilməsinin ekoloji gündəliyin mühüm davamı olduğunu” bəyan etdi və bildirdi ki, “Biz hamımız texnologiya və enerji sahəsində gördüyümüz işlərə sadiq olmalıyıq və bunu nəzərə almalıyıq. Norveç bu işdə iştirak edəcək”.

Sentyabrın 24-də isə Şimali Avropa ölkələrinin Bakıdakı səfirlikləri “NORDIC TALKS: The Nordic Green Model” təşəbbüsünü irəli sürüb və əsas istiqamət kimi “bərpa olunan enerji mənbələrinə keçid və iqlim dəyişikliyi probleminin həllində Şimali Avropa ölkələrinin uğurlu təcrübəsinin mübadiləsi” seçilib, iqlim problemlərinin həllində Azərbaycanla əməkdaşlığın vacibliyi vurğulanıb. Oktyabrın 9-da isə Cənubi Afrika və Norveç hökuməti arasında “COP29-dan əvvəl və onun keçirildiyi dövrdə qeyri-rəsmi məsləhətləşmələr” həyata keçirilib. Belə görünürdü ki, Norveç ciddi şəkildə COP29-a hazırlaşır. Lakin son anda Styore Bakıya gəlməkdən imtina etdi. Bunun sirr olmayan iki səbəbini qeyd etmək olar.

Birincisi, rəsmi Oslunun xarici siyasətini direktivlərlə həyata keçirməsidir.

COP29 ərəfəsində anti-Azərbaycan qüvvələrin Bakıya qarşı beynəlxalq kampaniya aparmaq cəhdləri müşahidə edilir, xüsusilə erməni diasporu/lobbisinin də iştirak etdiyi şəbəkə ABŞ-dan Avropaya qədər uzanan coğrafiyada saxta ittihamları gündəmə gətirərək, qlobal iqlim problemlərinin müzakirə ediləcəyi təbiri siyasiləşdirməyə çalışırlar. Bu kampaniyada iştirak edən qüvvələr və ölkələr bölgədə siyasi maraqlarının təmin edilməsinə çalışırsa, erməni diasporu/lobbisi COP29-a olan beynəlxalq diqqəti Ermənistanın maraqlarının müdafiəsinə yönləndirmək üçün fürsət olaraq görür. Bu kampaniyada əsas tezis “COP29-un boykot edilməsi və Azərbaycana təzyiq siyasətinin genişləndirilməsidir”. Belə görünür ki, Styore kənardan gələn direktivlə son anda tədbirdə iştirak qərarını dəyişib. Norveçin xarici siyasətini kənar yönləndirmələrlə qurması ilə bağlı hallar ilk dəfə deyil, bu baxımdan, Bakı qərarına da kənardan təsir edildiyi ehtimalı önə çıxır.

İkincisi, Norveçin Azərbaycana qarşı 20 ildən artıqdır davam edən səbəbsiz düşmən mövqeyidir.

Hələ 90-cı illərin əvvəlində, xüsusilə “Ərsin müqaviləsi”nin imzalanmasından sonra Bakı və Oslo arasında normal münasibətlərin inkişafı müşahidə edilirdi. Bu münasibətlərin məntiqi davamı olaraq, 1998-ci ildə Norveçin Bakıda səfirliyi fəaliyyətə başladı. 2000-ci illərdə Bakıda məlum “rəngli inqilab” ssenarilərinin tətbiqinə cəhdlər ediləndə Norveç ikitərəfli münasibətlərə və beynəlxalq hüquqa zidd şəkildə Azərbaycanın daxili işlərinə müdaxilələr edir, xaos planlarını dəstəkləyirdi. Bu işdə əsas fiqur Norveçin Bakıdakı səfiri Steynar Gil idi. Gil diplomatik fəaliyyətini bir kənara qoyaraq, müxalifətin aksiyalarında nəinki iştirakçı, hətta birbaşa təşkilatçı kimi iştirak edirdi. 2003-cü il 15-16 oktyabr hadisələrinin əsas təşkilatçıları arasında məhz Norveç səfirinin də adı çəkilir. Gilin xidməti avtomobildə iğtişaşların başlandığı ərazinin yaxınlığında aksiyanı koordinasiya etdiyinə dair məlumatlar var. O, təkcə Bakıda yox, bölgələrdə də eyni iğtişaş planlarının təşkilində aktiv iştirak edirdi. Norveç səfirliyi faktiki olaraq, Azərbaycanda qanlı ssenarilərin təşkili mərkəzlərindən birinə çevrilmişdi. Gil Bakını tərk edəndən sonra da anti-Azərbaycan mövqeyindən əl çəkmədi. Onun, həm də təmsil etdiyi Norveçin Azərbaycana qarşı Qərb ölkələrinin direktivləri ilə hərəkət etdiyi sirr deyil. Norveç ötən il Qarabağdakı separatçılara “humanitar yardım” adı altında verdiyi dəstəklə də anti-Azərbaycan mövqeyini bir daha nümayiş etdirdi. Və Styorenin COP29 tədbirində iştirakdan son anda imtina etməsi də Norveçin Azərbaycana qarşı 20 ildən artıqdır apardığı düşmən siyasətinin davamıdır.

Bundan Azərbaycan yox, Norveçin özü zərər görəcək, çünki Styore beynəlxalq iqlim tədbirindən qaçsa da, törətdikləri ekoloji fəlakətləri gizlədə bilməyəcəklər.