“Səhər” qəzetinin 35 illiyi qeyd olunub

0
65

1989-cu ilin avqustunda ilk nömrəsi çapdan çıxan “Səhər” qəzeti Azərbaycan mətbuatı tarixində özünəməxsus iz qoyub. Gündəlik-informasiya qəzeti kimi işıq üzü görən qəzet mövzu seçimi, fakta, hadisəyə münasibəti, üslubu və tərtibat forması ilə də maraq doğururdu. Qəzet köşkləri önündə onu əldə etmək üçün növbələr düzülür, işə tələsən hər kəs onu oxuyaraq ölkədə və dünyada baş verən yeniliklərdən xəbər tutmağa çalışırdı. Necə deyərlər, hər səhər “Səhər”lə açılırdı…

Bu barədə “Səhər” qəzetinin 35 illiyinə həsr olunan mərasimdə danışılıb.

Mərasimdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ötən əsrin 90-cı illərində çoxsaylı mətbuat orqanları arasında qəzetin özəllikləri, peşəkarlığı və oxunaqlılığı ilə seçilən üstün keyfiyyətlərindən bəhs edib. Qeyd edilib ki, 20 Yanvar faciəsi zamanı informasiya blokadasının hökm sürdüyü günlərdə ilk dəfə olaraq çox böyük zəhmət və çətinliklər bahasına məhz “Səhər” qəzeti 2 milyon nüsxə tirajla çap edilib və qanlı şənbə gecəsi haqqında həqiqətləri çatdırıb.

Qəzetin əməkdaşlarından Mahir Süleymanov, Nəsimi Həbiboğlu, Zemfira Ələkbərova, Sveta Şıxəliyeva və Süleyman Qaradağlı çıxış edərək Xocalı faciəsi və 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində dövlət və hökumət nümayəndələrinin olduğu Mİ-8 vertolyotunun vurulması barədə də ilk dəfə əsl həqiqət onun səhifələrində yayımlandığını vurğulayıblar.

Əməkdar mədəniyyət işçiləri Məzahir Süleymanzadənin, Şakir Yaqubovun və tanınmış jurnalist Hidayət Elvüsalın “Səhər”in fəaliyyətindəki rolu xatırlanıb, onlarla bağlı xatirələr çözələnib.

Azərbaycan Jurnalistlər Birliyinin Fəxri fərmanı redaksiya heyətinin üzvlərinə təqdim olunub, bir qrup əməkdaşa təşəkkürnamələr verilib.