Rasim Məmmədov: “Mehriban Əliyeva kimi birinci xanımı olan bir xalq xoşbəxt sayıla bilər”

0
1278

Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin olunub.

Ailəlidir, iki qızı, bir oğlu var.




Müasir müstəqil Azərbaycanın inkişafında, sosial məsələlərin həllində yaxından iştirak etmək, mərhəmət, əxlaqi ideyalara sadiqlik, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək… Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin dinamik inkişafı istiqamətində görülən işlərə ciddi töhfələr verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına nəzər salaq.

Mehriban Əliyeva on beş ildir Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması da Heydər Əliyev Fonunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub.

On beş ildir ki, Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri missiyasını şərəflə yerinə yetirir. Eyni zamanda, İSESKO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini, mədəni irsini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir: İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Nəhayət, Azərbaycan bu ilin iyulunda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Ötən müddətdə bu yüksək və məsul vəzifədə gördüyü işlərlə Prezidentin və xalqın etimadını layiqincə doğruldur.

Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr etdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırıldı. Ötən il daha 5923 məcburi köçkün ailəsi, 2019-cu ilin birinci rübündə isə 2227 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüldü.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Aprel döyüşləri zamanı sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edildi.

Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-a yaxın uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

Əhalinin sağlamlığı məsələsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü iş aparılır. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını buna misal göstərmək olar.

Son illər ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Azərbaycanın bu uğurları dünyanı heyran qoydu.

Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESKO-nun “Qızıl Motsart” medalı… Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Rasim Məmmədov da rəhbərlik etdiyi İctimai Nəzarət Koalisiyası və Sabitlik İnkişaf Mərkəzinin kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!