Aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəştli mənzillərin satışından hələ bir il keçməmiş maraqlı statistika ortaya çıxır. Belə ki, sosial şəbəkələrdə, daşınmaz əmlakın kirayəsi barədə elanların yerləşdirildiyi saytlarda kirayə təklif edilən MİDA mənzillərinə tez-tez rast gəlinir. Əşyasız, sadəcə mətbəx mebeli ilə təmin edilmiş, heç vaxt yaşayış olmamış yeni mənzillərin kirayə qiymətləri aylıq 300 manatdan başlayır. Yasamal ərazisində, şəhərin mərkəz hissələrində yerləşdiyinə görə həmin sosial evləri kirayə götürmək istəyən müştərilər də kifayət qədər çoxdur.
Aztəminatlı ailələrin güzəştlə sahib olduğu mənzillərin elan saytlarında kirayə təklif edildiyini görəndə maraqlı sual ortaya çıxır. Bu mənzillər ehtiyacı olan ailələrə satılıbsa, niyə əksəriyyəti yaşayış üçün istifadə edilmir, kirayə verilir?
Bu barədə danışan iqtisadçı, ekspert Natiq Cəfərli də bu fakt maraq doğurduğunu təsdiqləyib.
İqtisadçının fikrincə, güzəştli mənzillər aztəminatlı ailələrə satılıbsa, məntiqlə həmin evlərdə alan ailələr özləri yaşamalıdır:
“Əgər sosial ev kimi aldıqları mənzilləri kirayə verirlərsə, deməli həmin ailələrin mənzilə ehtiyacları yoxdur, ona görə kirayə verib pul qazanmağı düşünürlər. Əslində burada qəbahət heç bir məqam yoxdur. Hər kəsin mənzilini kirayə vermək, satmaq, dəyişdirmək hüququ var. Biz həmin şəxslərin niyə sosial mənzilləri kirayə verdiyinə irad tuta bilmərik. Sadəcə məsələ odur ki, bu vəziyyət hüquqi olsa da, ədalətli deyil. İnsanlar var ki, illərdir çox pis vəziyyətdə yaşayırlar, güzəştli mənzillərə çox ehtiyacları var. Halbuki bu mənzilləri əlavə ev almaq niyyətilə yanaşan şəxslər əldə ediblər. Həqiqətən də, güzəştli mənzillərin əksəriyyəti kirayə verilirsə, deməli mənzillərin satışı zamanı, kriteriyaların müəyyənləşdirilməsində ciddi yanlışlara yol verilib. Həmin mənzillər ehtiyacı olanlara deyil, ucuz qiymətə əlavə mənzil almaq istəyən insanların payına düşüb. Problemin kökü mənzillərin bölgüsündə olan ədalətsizlikdədir”.