Ermənistan şokda: Paşinyanın imicindən istifadə edərək əhalidən 500 milyon oğurladılar

0
138

İnternet fırıldaqçıları Ermənistanın sadə vətəndaşlarını qarət edərək, onların yarım milyon dollarını alıblar.

Fırıldaqçılar məşhur insanların müxtəlif kommersiya layihələrinə pul yatırmağa və səhm almağa təşviq edildiyi reklam videoları yaratmaq üçün neyron şəbəkələrdən istifadə ediblər.

Fırıldaqçıların qurbanı olan bir qadın başına gələnləri belə təsvir edib.

“Mənim etdiyim sadəcə axmaqlıq idi. Bu haqda danışmağa utanıram, çünki mən hər zaman savadlı, məlumatlı insan olduğuma əmin olmuşam. Mənim tipimdə olan insan belə ucuz aldatmanın qurbanı ola bilməz. Amma belə oldu”, – 38 yaşlı Anuş K. Tavuş bölgəsindəki orta məktəbdə sosial elmlərdən dərs deyir və əmindir ki, şagirdləri bu hadisədən xəbər tutsa, ona etibarı itirəcəklər. “Mən sosial elmlər fənninin bir hissəsi kimi media savadını da öyrədirəm. Təsəvvür edirsiniz, hər gün internetdə təhlükəsiz davranışdan danışan adamın pulunu fırıldaqçılara verməsi nə qədər gülməlidir?”, – müəllim bildirib.

Anuş Ermənistanın minlərlə digər sakini kimi “Qazprom Ermənistan” şirkəti adından yayılan internet fırıldaqlarının qurbanı olub. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, aldadılmış vətəndaşlar artıq mövcud olmayan maliyyə sisteminə yarım milyon dollar “sərmayə qoyublar”.

“Neyroşəbəkələrin köməyi ilə fırıldaqçılar tanınmış simaların – siyasətçilərin və iş adamlarının müxtəlif layihələrə sərmayə qoymağa və ya müxtəlif şirkətlərin, o cümlədən “Qazprom Ermənistan” QSC-nin səhmlərini almağa çağırdıqları reklamlar hazırlayıblar. Fırıldaqçıların qurbanları əsasən texnologiyadan xəbəri olmayan və bank rekvizitlərini verməyə razılaşan insanlardır”, – İstintaq Komitəsinin bəyanatında deyilir.

Anuş, imicindən fırıldaqçılar tərəfindən də istifadə edilən baş nazir Nikol Paşinyan tərəfindən sərmayə qoymağa “inandırılıb”. “Mən bilirdim ki, müasir informasiya texnologiyaları istənilən insanın xarici görünüşünü və səsini təkrarlamağa imkan verir. Amma fikirləşdim ki, realdan heç də fərqlənməyən bir video yaratmaq mümkün deyil. Mənim gördüyüm videoda Paşinyanın səsi, mimikaları və danışığı tamamilə real idi. Bu, mənim ən böyük səhvim idi: gördüklərimə inanmaq”, – o deyib.