Ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

0
218

Yanvarın altısı saat 9:00-a olan məlumata əsasən, yanvarın beşi gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Göyçayda 21 m/s, Göygöldə 20 m/s, Goranboyda 19 m/s, Şəmkir, Şamaxı, Yevlax, Şabran, Naftalan, Tərtər, Mingəçevir, Ağdamda 18 m/s, Lerikdə 17 m/s, Yardımlı, Bərdədə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,2 metrə çatıb. Qar örtüyünün hündürlüyü Lerikdə 7 sm, Ordubadda 4 sm, Sarıbaş (Qax), Şahdağda 2 sm, Əlibəydə (Zaqatala) 1 sm olub.

Düşən yağıntının miqdarı Ordubadda 17 mm, Lerikdə 15 mm, Naxçıvanda 12 mm, Biləsuvar, Culfada 10 mm, Şahbuzda 8 mm, Yardımlı, Sarıbaş (Qax), Şərur, Balakən, Astara, Şəki, Zaqatala, Gədəbəy, Lənkəran, Sədərək, Şahdağ, Tovuz, Ceyrançöl, Gəncə, Oğuzda 6 mm-dək olub.

Qəbələ, Qrız, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-də 1-5 dərəcə isti, dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta, aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək. Yanvarın 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.