Nazirlikdən yeni pensiya qaydaları ilə bağlı – AÇIQLAMA

0
280

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, yeni dəyişikliklərdə aşağıdakılar nəzərdə tutulub:

– Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;

– Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;

– 2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;

– Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:

– Pensiya minimum məbləğə çatdırılacaq,

– Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,

– Pensiya indeksləşdiriləcək.