Siqaret və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq?

0
460

Gələn ildən siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Aksiz dərəcələrinin artması bu məhsulların qiymətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlma verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, aksizlərin artması qiymətlərə təsir edəcək.

“Siqaret və siqarillanın qiymətinin 10-15 qəpik bahalaşacağı gözlənilir. Əsas artım elektron siqaretlərdə gözlənilir. Belə ki, elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 2 manat aralığında artım gözlənilir”.

Ekspert qeyd edib ki, spirtli içkilərdə hər litr üçün qiymətlərin 0,5-1 manat aralığında artımına səbəb olacağı gözlənilir.

“Təbii ki, burda sahibkarlar marjalardan aslı olaraq davranacaq. Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrinin, ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarının artırılması həmin məhsulların bahalaşmasına səbəb olacaq”, – deyə o, qeyd edib.

Qeyd edək ki, Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.

Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.