Mətbuat Şurasında Əməkdar jurnalist Flora Xəlilzadənin 70 illik yubileyi qeyd olunub

0
277

Azərbaycan Mətbuat Şurasında “Şöhrət” ordenli Əməkdar jurnalist, yazıçı və publisist, Prezidentin fərdi təqaüdçüsü Flora Xəlilzadənin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid yubilyarı zəngin jurnalist və publisist, əsl ziyalı kimi xarakterizə edən məqamlara toxunaraq F.Xəlilzadə ömrünü peşəsinə, fikir və düşüncə dünyamızın təbliğinə həsr etmiş fədakarlıq örnəyi kimi dəyərləndirib.

O, F.Xəlilzadənin müxtəlif media orqanlarındakı, o cümlədən İctimai Televiziyadakı və hazırda çalışdığı Azərbaycan Televiziyasındakı fəaliyyətinin gənc nəslə örnək olduğunu vurğulayıb. R.Məcid belə bir toplantının təşkilini Mətbuat Şurasının yubilyara vəfa borcu kimi qiymətləndirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bildirib ki, F.Xəlilzadə müasir dövr Azərbaycan jurnalistikasına ciddilik qazandıran obrazdır. C.Məmmədli həmçinin yubilyarı jurnalistika fakültəsinə daim bağlı olan, fakültəyə əbədi sevgi yaşadan nümunə kimi də dəyərləndirib.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli F.Xəlilzadəni parlaq duyum tərzinə malik söz və fikir adamı kimi səciyyələndirib. O bildirib ki, Flora xanım çoxşaxəli yaradıcılıq dəst-xətti ilə Azərbaycan dilinin saflığının qorunmasına müstəsna töhfələr verir. Yubilyarın söz və sənət dünyamıza ehtiramından söz açan İ.Rəhimli vurğulayıb ki, Flora Xəlilzadə imzası yaradıcılıqda bənzərsiz ziyalılıq işığıdır.

Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova çıxışında Flora Xəlilzadə imzasını Azərbaycan jurnalistikasında brend adlandırıb. Onun sözlərinə görə, bu imza cəmiyyətin müxtəlif təbəqələrini peşəyə bağlamaq, ona inam və etimad göstərmək baxımından müstəsna missiya yerinə yetirməkdədir.

Ölkəmizdə səfərdə olan Türkiyə İnternet Media Birliyinin rəhbəri Süleyman Basa qonaq qismində qatıldığı yubiley toplantısının onda böyük təəssürat zənginliyi yaratdığını vurğulayaraq, söz və fikir adamlarına verilən belə dəyərin ibrətamizliyini vurğulayıb, qədirbilənliyin ənənə halını almasından məmnunluğunu dilə gətirib və F.Xəlilzadəyə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu yubilyar qələm sahibinin zəhmətkeşlik və fədakarlıq göstəricilərinin yurdsevərliklə üzvü surətdə bağlı olduğunu bildirib və bu cəhətin ona məxsusilik qazandırdığını dilə gətirib.

Tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir çıxışında Flora Xəlilzadə yaradıcılığı ilə tanışlığı dönəminə ekskurs edib. O, yubilyar qələm sahibinin yaradıcılığındakı sovet dövrü yazıçı və ziyalılarının təbliği ilə əlaqədar spesifik məqamları açıqlayıb və bildirib ki, bu yanaşma həmin şəxsləri Azərbaycan cəmiyyətinə yenidən tanıdıb və sevdirib. Xüsusən “Mədəniyyət” kanalında Flora xanımla oğlu Bəhruz Niftəliyevin birgə təqdim etdikləri “Yadigarlar” verilişi bu mənada əsil nümunəvi bir televiziya proqramıdır.

Çıxışında F.Xəlilzadə ilə birgə keçirdiyi tələbəlik illəri xatirələrini bölüşən respublikanın Əməkdar jurnalisti Zemfira Məhərrəmli onun həssaslığını, canıyananlığını önə çəkib və bildirib ki, bu keyfiyyətlər yubilyarın yaradıcılıq üslubuna da təsirini göstərib. Bu üslub isə özlüyündə jurnalistikamızın və ədəbiyyatımızın pərvərişi və istişarına təmənnasız xidmət ruhudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Esmira Fuad Flora Xəlilzadə şəxsiyyətini xarakterizə edən cəhətlərdən söz açarkən, qələm sahibinin dostluğa sədaqətindən məmnunluğunu ifadə edib. “O, mübarizə ruhludur, unudulmuşları yenidən həyatımıza qazandıran jurnalistdir. Yaradıcılığında Azərbaycan dilinin saflığını qorumanın və ahəngdarlığını təmin etmənin nümunəsidir”, – deyə E.Fuad vurğulayıb.

Tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Abıyeva da çıxışında yubilyar jurnalistin unudulmuş ziyalıları yada salmasını, onların həyat və yaradıcılığını təbliğ etməsini böyük maarifçilik missiyası, habelə müstəsna qədirbilənlik nümunəsi kimi dəyərləndirib.

“Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz diqqəti Flora Xəlilzadəni bütövlükdə türk dünyasının araşdırmaçısı kimi xarakterizə edən cəhətlərə çəkib. Bu xüsusiyyətin parlaqlığının və ictimai yükünün böyüklüyünü qabardıb.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli yubilyar qələm sahibini sənət dünyasında mükəmməllik yaradan obraz kimi səciyyələndirib. Belə bir dəst-xəttin heç də hər bir yaradıcı şəxsə məxsus olmadığını vurğulayıb və mövcud xüsusda Flora Xəlilzadənin keçdiyi ömür yolunun böyüklüyündən söz açıb.

Çıxışında Flora Xəlilzadəni həm mətbuat, həm də televiziya sahəsində eyni dərəcədə uğur qazanmağı bacarmış peşəkar sima kimi səciyyələndirən veteran jurnalist Akif Cabbarlı əlavə edib ki, daşıdığı müsbət ruh yubilyarın zəngin yaradıcılıq dünyasının məhsuludur.

MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı F.Xəlilzadənin klassik jurnalistika ənənələrinin davamçısı olduğunu deyib və bildirib ki, bu baxımdan onun şəxsiyyəti bütövlükdə Azərbaycan cəmiyyəti üçün əmanətdir.

Tədbirdə MŞ sədrinin müavini, ATV prezidentinin müşaviri Səadət Məmmədova, əməkdar jurnalist Rəhim Hüseynzadə, “Respublika Xatirə Kitabı” Redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, Əməkdar jurnalist, BDU-nun jurnalistika fakültəsinin dosenti Qərənfil Dünyaminqızı, Əməkdar Mədəniyyət işçisi, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Zöhrə Əliyeva, Əməkdar jurnalist, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, veteran jurnalist Aida Eyvazova və başqaları çıxışlarında Flora Xəlilzadə şəxsiyyətini əsl dost, peşəsinə yüksək dəyər verən, doğma yurdun təəssübünü çəkən, vətənpərvərliyi böyük məharətlə əməli iş müstəvisinə gətirməyi bacaran yetkin qələm sahibi və gözəl ana kimi xarakterizə edən xüsusiyyətlərdən söz açıblar. Bildiriblər ki, F.Xəlilzadənin geniş diapazona malik fədakar yaradıcılığı bütövlükdə cəmiyyət üçün örnək mahiyyət daşımaqdadır. Onlar həmçinin Prezident İlham Əliyevin veteran qələm sahibinin əməyini yüksək qiymətləndirməsini, bu günlərdə 70 illiyi ilə bağlı onu “Şöhrət” ordeni ilə təltif etməsini minnətdarlıqla yada salıb, mövcud xüsusda Azərbaycan dövlətinin yaradıcı adamlar diqqət və qayğısından, yüksək dəyər nümunələrindən razılıqlarını bildiriblər.

Flora Xəlilzadənin övladı, “Mədəniyyət” telekanalının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev fikirlərini bölüşərkən bildirib ki, yubilyarın gözəl və qayğıkeş ana kimi malik olduğu keyfiyyətlər onun yaradıcılıq dünyası ilə bir-birini tamamlayır. Nəticədə ortaya müstəsna qədirbilənlik nümunəsi çıxır və bu nümunədən bütövlükdə cəmiyyətin faydalanması məmnunluq doğurmaqdadır. O həm bir Azərbaycan qadını, həm bir ana, həm də peşəkar jurnalist kimi əsl örnəkdir.

Sonda çıxış edən yubilyar Flora Xəlilzadə toplantı iştirakçılarına fəaliyyətinə, keçdiyi ömür yoluna yüksək dəyər verdikləri üçün təşəkkürünü bildirib.