Orxan Məmmədov: “Qarabağda biznes qurmaq üçün 500-ə yaxın xarici şirkətdən müraciət daxil olub”

0
104

“Bu günədək azad edilmiş ərazilərdə biznes qurmaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 400-dən artıq müraciət daxil olub ki, onların təqribən 500-ə yaxını xarici şirkətlərin müraciətləridir”.

Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda keçirilən konfransda deyib.

“Şübhəsiz ki, Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişafı üçün əlavə mənbələr açmış olub. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir”, – O.Məmmədov bildirib.

O əlavə edib ki, əsas hədəf 2022-26-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələrək KOB-ların qeyri-neft-qaz sektorunda ÜDM-dəki payının 35%-ə, məşğulluqda payının isə 60%-ə yüksəldilməsinə nail olmaqdır.

“Bu məqsədlə yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi və strateji fəaliyyət gündəliyimizə yeni elementlərin daxil edilməsi olduqca vacibdir. Belə ki, bizneslərin rəqəmsal və “yaşıl” transformasiyası məsələlərinin sahibkarlıq subyektlərinin dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, eləcə də qlobal dəyər zənciri sisteminə daha geniş inteqrasiyası baxımından mühüm əhəmiyyəti nəzərə alınaraq, qarşıdakı dövrlərdə sözügedən istiqamətlərdə işlərin genişləndirilməsini və yeni təşəbbüslərin həyata keçirilməsini hədəfləyirik”, – O.Məmmədov qeyd edib.