Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəallərın və gənclərin Laçın-Xankəndi yolunda etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!
Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Ekofəallar gün ərzində havanın temperaturuna baxmayaraq, tələblərində qəti olduqlarını nümayiş etdiriblər. Aksiyanın uzanması da ekofəalların iradəsinə təsir etmir.
Qeyd edək ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.