Əliyevlə Ərdoğanın qapalı görüşü: Qarabağda hansı addımlar atılacaq?

0
232

Prezident İlham Əliyev Türkiyədə səfərdədir: bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvəsi keçiriləcək, Əliyevin səfərində məqsəd də Zirvədə iştirakdır;

Hərçənd, Azərbaycan lideri Türkiyəyə bir gün öncə getdi və Prezident Rəcəb Tayyip Ərdoğanla görüşdü. Görüşün qapalı keçirilməsi, hətta mətbuata heç bir açıqlama verilməməsi diqqət çəkir və müzakirələrlə bağlı müəyyən ehtimalları da önə çıxarır:

Birincisi, Qarabağda baş verən təxribatlar və atıla biləcək mümkün addımlar;
İkincisi, Azərbaycan-Ermənistan danışıqlarındakı vəziyyət, İrəvanın qeyri-konstruktiv mövqeyi və buna qarşı atılacaq addımlar;

Qapalı görüşün mövzusunun bu məsələlər ola biləcəyi ehtimalı daha çoxdur. Çünki Türkiyənin hazırda əsas gündəmi zəlzələnin vurduğu ziyanın aradan qaldırılması və seçkilərdir. Azərbaycan zəlzələ dağıntılarının aradan qaldırılması istiqamətində qardaş Türkiyəyə bütün istiqamətlərdə dəstək verir, o cümlədən, Prezident İlham Əliyevin ötən ay Türkiyəyə səfərində bu məsələlər müzakirə olunub. Seçkilər isə Türkiyənin daxili məsələsi olduğu üçün Azərbaycan bu proseslərə qarışmır.

Bu baxımdan, gündəmin Cənubi Qafqaz olduğunu deyə bilərik. Mövcud vəziyyətdə Azərbaycanın Qarabağda və Ermənistanla münasibətlər kontekstində atıla biləcək mümkün addımları Türkiyə ilə müzakirə etməsinə, “saatları yoxlamasına” ehtiyac var. Xüsusilə Türkiyədəki seçkilərə qədər Azərbaycanın üçtərəfli razılaşmaların ən azı müəyyən bəndlərinin (bu, Qarabağda silahlı ermənilərin neytrallaşdırılması ola bilər) icrasında və Laçın dəhlizinə nəzarət məsələsində yol qət etməsi vacibdir. Mümkündür ki, Əliyev Ərdoğanla bu məsələlələri müzakirə edib və bundan sonrakı addımlar uzlaşdırılıb