Prokuror “Gəncə işi” üzrə həbsdə olan 7 nəfərin cəza müddətinin azaldılmasını təklif edib

0
646
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
“Gəncə işi”ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

Avqustun 2-də Apellyasiya Məhkəməsində prokuror “Gəncə işi” üzrə mühakimə olunan 7 nəfərdən ibarət qrupun cəza müddətinin azaldılmasını istəyib. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində məlumat yayıb.

Dövlət ittihamçısı cəza müddətinin 2-4 ilədək, Elvin Əliyevin isə cəza müddətinin 1 ilədək azaldılmasını təklif edib.

“Bu, o deməkdir ki, artıq növbəti iclasda o, azadlığa buraxıla bilər. Ümid edirəm ki, “Gəncə işi” üzrə mühakimə olanan digər şəxslər də tezliklə azadlığa çıxacaqlar,” Gülalıyev deyib.

Qeyd edək ki, yeddi nəfər, o cümlədən Yavər İsmayılzadə birinci instansiya məhkəmə tərəfindən 9 il azadlıqdan məhrum edilib. Zabil Məmmədov 8,5 il, İsa Məhərrəmzadə 8, Alim Yusifov 7,5, Qənbər Qarazadə 7,5, Elvin Əliyev və Aydın Rüstəmov 6 il həbs cəzası alıblar.

Oqtay Gülalıyev qeyd edib ki, avqustun 1-də dövlət ittihamçısı “Gəncə işi” üzrə adı keçən digər qrupun (11 nəfər) da cəza müddətinin azaldılmasını təklif edib.

“Əslində bu, vətəndaş cəmiyyətinin, demokratik düşərgənin qələbəsidir. Biz bütün siyasi məhbuslara, “Gəncə məhbusları”na azadlıq tələb edirik,” o vurğulayıb.

Gülalıyev xatırladıb ki, bir neçə ay ərzində fəallar həbs olunanlara qarşı işgəncə faktlarını, cinayət işlərinin saxtalaşdırıldığını açıqlayıblar, müttəhimlərin analarının etiraz aksiyalarını dəstəkləyiblər.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Elmar Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. Həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki yüksək rütbəli polis əməkdaşı öldürülüb. Bunun ardınca kütləvi həbslər baş verib.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov bildirib ki, Elmar Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində isə axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı istintaq işi başa çatıb və 60 nəfərin barəsində 8 cinayət işi məhkəmələrə göndərilib. Müttəhimlər müxtəlif müddətə azadlıqdan məhrum edilib.