Azərbaycanda avronun qiyməti qalxacaq? – ARAŞDIRMA

0
1899

2022-ci ildə kəskin dəyər itirərək sentyabr ayında 0,96 ABŞ dollarına qədər ucuzlaşmış avro tədricən yenidən bahalaşaraq 1,07 ABŞ dollarına bərabər olub.

Bəs avro hansı həddə qədər dəyər qazanacaq? Azərbaycanda onun məzənnəsi yenidən 2 manatı (1,18 ABŞ dollarını) keçə bilərmi?

Onlardan biri Xalid Kərimli deyir ki, bu il dollar-avro nisbətinin necə dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir:

“Hətta beynəlxalq təşkilatların mütəxəssislərinin hazırladıqları proqnozlara baxdıqda onların eyni nəticəyə gəlmədiyini görmək mümkündür. Fərq 10-15 % təşkil edir. Rusiya-Ukrayna müharibəsi təbii ki, dollar-avro nisbətinə təsirsiz ötüşmür.

Yaxın 3-6 ay ərzində avro dollar qarşısında bir qədər dəyər itirəcək. ABŞ müharibədən uzaq olduğu üçün orada iqtisadiyyat daha az zərər görür. Burada inflyasiya ilə bağlı rəqəmlər də mühüm rol oynayır. ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi 2021-2022-ci illərdə Avropa Mərkəzi Bankına nəzərən inflyasiya ilə daha çevik mübarizəyə qalxdı. Ona görə də, avro dollara nisbətən bir qədər ucuzlaşdı. Proqnozlara ümumi nəzər yetirdikdə avronun məzənnəsinin 0,95-1,15 ABŞ dolları arasında dəyişəcəyini, bu ilin sonunda isə 1,1 ABŞ dolları ətrafında sabitləşəcəyini gözləyirəm. Ümumiyyətlə, avronun bahalaşması Azərbaycanın real iqtisadiyyatı üçün faydalıdır”.

Digər iqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, avronun məzənnəsi bundan sonra 5-7 % arası möhkəmlənəcək:

“Rusiya-Ukrayna müharibəsi fonunda avro üzərində formalaşmış ziddiyyətlər, eyni zamanda onların psixoloji təsirləri mərhələli şəkildə aradan qalxmaqdadır. Avropa Mərkəzi Bankının həyata keçirdiyi anti-inflyasiya tədbirləri çərçivəsində sərt monitorinq siyasəti öz effektini verir. Biz hazırda avronun möhkəmlənməsi istiqamətində dinamikanı müşahidə edirik. Bu dinamika davam edə, 1 avro 1,15 ABŞ dollarına bərabər ola bilər.

Düşünürəm ki, yay aylarında avronun məzənnəsində qismən azalma müşahidə edə biləcəyik. Səyahət dövründə enerjiyə tələbatın artması bu istiqamətdə avronun ucuzlaşması zərurətini formalaşdıra bilər. Görünən odur ki, Avropa Mərkəzi Bankı inflyasiyanın cari vəziyyəti ilə müşahidə olunan kiçik müsbət dəyişikliklərlə razılaşmır, növbəti aylarda da inflyasiyanın ciddi şəkildə azaldılması hədəfini qarşısına qoyub. Nəzərə alsaq ki, Avropa Mərkəzi Bankının inflyasiya hədəfi 2 %-dir, bu o deməkdir ki, hələ bu istiqamətdə görüləcək çox işlər var”.