Cəbrayıla səfər edən türkiyəli səyyah: “Beynəlxalq təşkilatlar mina problemi ilə bağlı əməlli addım atmırlar”

0
180

“Beynəlxalq təşkilatlar Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemi ilə bağlı əməlli addım atmırlar”.

Bunu  açıqlamasında Türkiyə Səyyahlar Klubunun üzvü Adem Kars deyib.

Onun sözlərinə görə, insan itkisi ilə yanaşı, həmçinin tarix və mədəniyyətin məhvi də səyyahları dərindən kədərləndirib:

“Haqsız bir savaş, haqsız bir işğal idi, lakin ən azı tarixi-mədəni abidələrə zərər verilməyə bilərdi. Fikrimcə, ermənilər də bir gün öz ata-baba yurdumuza qayıdacağımızı bilirdilər. Çünki onlar bizi bizdən də yaxşı tanıyırlar. Ona görə də maksimum şəkildə əraziləri xarabalığa çeviriblər. İşğaldan azad olunan ərazilərin xarabalığa çevrilməsi bizi kədərləndirsə də, qısa zamanda böyük işlərin görülməsi bizi bir o qədər qürurlandırdı”.

Beynəlxalq səyyah Ağalı kəndinin sanki başqa bir dünya olduğunu qeyd edib:

“Zəngilan rayonunun Ağalı kəndi dünyada ilklərdən biri kimi modern tariximizdəki yeri xüsusi olacaq. İnfrastrukturun qısa zamanda bərpa edilməsi, yolların, tunellərin çəkilməsi Azərbaycanın qüdrətinin göstəricisidir”.

A.Kars bildirib ki, hazırda azad olunmuş ərazilərdə qarşıda duran ən böyük problem minalı sahələrdir:

“Beynəlxalq təşkilatlardan bu məsələ ilə əlaqədar hər hansı bir addım atıldığını eşitmirik. Bu cür hadisələrin dünyada bir çox örnəyini görmüşük, hansı ki, beynəlxalq maliyyə fondları problemin aradan qaldırılması üçün vəsaitlər ayırıb. Sözügedən dəstəyin Azərbaycana lazımi səviyyədə göstərilməməsi bu gün beynəlxalq arenadakı ikili standartların bariz nümunələrindən biridir”.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib.

Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, budəfəki heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.