Milli Məclisin növbəti plenar iclasında 22 məsələ müzakirə olunub

0
171

Oktyabrın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Iclasda gündəliyin təsdiqindən sonra cari məsələlərin müzakirəsinə başlanıb.

Cari məsələlərin müzakirəsində deputatlar Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Siyavuş Novruzov, Sahib Alıyev, Musa Qasımlı, Razi Nurullayev, Müşfiq Cəfərov, Aqil Məmmədov, Fəzail Ağamalı, Elşad Mirbəşir oğlu çıxış ediblər. Deputatlar Fransa Prezidenti Emmanuel Makronun son günlərdə verdiyi müsahibədə Azərbaycanın ünvanına səsləndirdiyi böhtan və qeyri-obyektiv xarakterli fikirlərinə sərt münasibət bildiriblər. Onlar Fransa Prezidentinin bu qeyri-adekvat açıqlamalarının Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində göstərilən beynəlxalq səylərə böyük zərbə vurduğunu, regional sülhə və təhlükəsizliyə böyük təhdid yaratdığını bildiriblər. Çıxışlarında deputatlar vətəndaşları narahat edən və gündəmdə olan aktual məsələlərə dair də fikirlərini səsləndiriblər, təkliflərini irəli sürüblər.

Sonra Milli Məclis gündəlikdəki məsələlərin müzakirəsinə keçib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 22 məsələsindən ilk 18-i ikinci oxunuşda olan qanun layihələridir və birinci məsələ ilə bağlı məlumat vermək üçün sözü Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə təqdim edib.

“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Əli Hüseynli bildirib ki, sənəd insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında fəaliyyət göstərən İşçi Qrupun fəaliyyətini tənzimləyir.

Layihə ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb və qanun layihəsi səsvermədən keçərək ikinci oxunuşda qəbul edilib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakterlidir, maddənin dispozisiyasında müvafiq qanuna istinad olunur, sanksiyalarda isə heç bir dəyişiklik yoxdur və birinci oxunuşda layihə ilə bağlı komitəyə heç bir təklif daxil olmayıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məsələ barədə rəhbərlik etdiyi komitədə müsbət rəy verildiyini bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 3-cü məsələsi olan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. Bildirib ki, layihənin birinci oxunuşunda və müzakirələrdə heç bir təklif və mətnlə bağlı dəyişiklik irəli sürülməyib.

Qanun layihəsi səsvermədən keçərək ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti 4-cü və 5-ci məsələlər ölkə Prezidenti tərəfindən Milli Məclisə bir məktubla daxil olub. Sahibə Qafarova bildirib ki, bunlar Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələridir.

Parlament sədrinin birinci müavini Əli Hüseynli hər iki layihə barədə məlumat verərək bildirib ki, dəyişikliklər mahiyyətcə bir birinə yaxındır, xarici dövlətə qaçaqmalçılıq əlaməti daşımayan qanunsuz pul köçürmələrinin tənzimlənməsi ilə bağlıdır. Burada sanksiyalar az miqdarda olduqda İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir, daha çox miqdar isə cinayət məsuliyyəti yaradır və ona görə də adekvat cəzalar Cinayət Məcəlləsində təsbit olunub.

Qanun layihələrinin müzakirələrində Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və deputat Vahid Əhmədov layihələrlə bağlı fikirlərini, qeydlərini bildiriblər. Əli Hüseynli qaldırılan məsələlərə münasibət bildirəndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, layihədəki düzəlişlər prosedur xarakteri daşıyır və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğunlaşdırma məqsədi ilə hazırlanıb.

Tahir Rzayev rəhbərlik etdiyi Aqrar siyasət komitəsinin qanun layihəsinə rəyinin müsbət olduğunu bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 7-ci məsələsi – “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verib. Bildirib ki, adıçəkilən qanun aksiz markası və məcburi nişanlama tətbiq edilməli olan mallar dövriyyəsinin tənzimlənməsi, onlara vergi nəzarətinin təmin edilməsi məqsədi ilə hazırlanıb. Layihənin qəbulu kölgə iqtisadiyyatının azaldılmasına, aksiz markaların saxtalaşdırılmasının qarşısının alınmasına və istehlakçıların hüquqlarının qorunmasına böyük təsir göstərəcək.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 3 məsələsi – 8-ci, 9-cu və 10-cu məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. Milli Məclisin sədri qeyd edib ki, bunlar Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.

Sənədləri təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, hər üç qanun layihəsi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatına alınması, onun məhdudlaşdırılması və bu prosesdə notariat orqanlarının fəaliyyətində elektron alətlərdən istifadə olunması ilə bağlı münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. Qanun layihələrində notarius tərəfindən qeydiyyat üçün zəruri olan bütün proseduraların elektron informasiya sistemləri vasitəsi ilə “bir pəncərə” prinsipi üzrə vahid xidmət kimi təqdim olunması təsbit olunub. Mühüm yeniliklərdən biri də odur ki, “beh” anlayışına yeni tərif verilir. “Beh” anlayışının yeni tərifinin məğzi ondan ibarətdir ki, o, notariat orqanlarında qeydiyyata alınmazsa, onda onun hər hansı bir hüquqi mənası yoxdur. Bildirilib ki, layihələr haqqında birinci oxunuşda da ətraflı məlumat verilib və sənədlərə bağlı hər hansı bir dəyişiklik və təklif daxil olmayıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov müzakirə olunan məsələlərlə bağlı komitəsinin müsbət rəyini səsləndirdikdən sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin 11-ci məsələsi olan “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. O bildirib ki, layihə barədə birinci oxunuşda ətraflı məlumat təqdim edilib və heç bir dəyişiklik təklif olunmayıb. Sənədin müzakirəsində deputat Fəzail Ağamalının sualı cavablandırıldıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin 12-ci və 13-cü məsələləri olan “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri də mahiyyətcə bir-birinə yaxındırlar və onlar haqqında da məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə təqdim edəcək.

Əminə Ağazadə sənədlərin birinci oxunuşu barədə məlumat verib və millət vəkillərinin qanun layihələrinin qüvvəyə minmə vaxtı ilə bağlı təklifinin nəzərə alındığını qeyd edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 14-cü məsələsi – Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı isə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması kimi məsələlərin hüquqi tənzimlənməsini nəzərdə tutur. Həmçinin dəyişikliklərə əsasən, işçilərin attestasiyası, ixtisarı kimi hallarda işçinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

Müzakirədə Milli Məclisin komitə sədri Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sahibə Qafarova gündəliyin növbəti 15-ci və 16-cı məsələləri barədə bildirib ki, bu sənədlər də cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Ona görə də layihələrin təqdimatları birgə, səsvermə isə ayrılıqda keçiriləcək.

“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. O, dəyişikliklərin pensiya artımlarının vahid indeksasiya metodunun tətbiqinin genişləndirilməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsi istiqamətləri üzrə məlumat verib.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirib ki, qanun layihəsi “Əmək pensiyaları haqqında” Qanuna yuxarıda təklif edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihələrinin müzakirəsində deputatlar Vüqar Bayramov, Etibar Əliyev, Arzu Nağıyev çıxış ediblər, sənədlərlə bağlı fikirlərini və rəylərini səsləndiriblər. Komitə sədri Musa Quliyev qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) iclasın müzakirəsinə çıxarılıb. 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağanı ləğv edən və yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyan qanun layihəsi ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Komitə sədri bildirilib ki, layihənin birinci oxunuşunda ətraflı məlumat verilib, deputatlar dəyişiklikləri dəstəkləyiblər və sənədlə bağlı heç bir dəyişiklik aparılmayıb.

Qanun layihəsi ilə bağlı Hicran Hüseynova rəhbərlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Gündəliyin 18-ci məsələsi olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı da komitə sədri Musa Quliyev məlumat verib. Bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Təklif edilən dəyişikliyə görə, şəhid ailələrinin maliyyə dəstəyinin mənbələri artırılıb. Komitə sədri şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin əhəmiyyətini, şəhid ailələrinə göstərilən diqqət və qayğının əhatəliliyini qeyd edərək, bu istiqamətdə işlərin dövlətin daimi diqqətində olduğunu vurğulayıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sahibə Qafarova bildirib ki, bundan sonrakı 4 məsələ birinci oxunuşda olan qanun layihələridir, 19-cu və 20-ci məsələlər isə cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub.

Hər iki məsələni iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib.

Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, layihənin əhatə etdiyi hüquqi tənzimləmə, inzibati məsuliyyətə cəlb etmə və inzibati tənbeh tədbirləri ilə bağlı məsələlərin iki istiqamət üzrə təkmilləşdirilməsi nəzərdə tutulur. Birincisi, İnzibati Xətalar Məcəlləsinə bir sıra yeni müddəaların əlavə olunması, ikincisi, mövcud normalarda dəyişikliklərin edilməsidir.

Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 3 ay keçənədək verilə bilər. Lakin bəzi hallarda 3 aylıq müddət keçdikdən sonra təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün olmur. Bununla əlaqədar, layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin 3 aydan 4 aya artırılması təklif olunur.

Sonra Nizami Səfərov “İcra haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar bildirib ki, qanunun 7.1.4-cü və 84.1-ci maddələrində dəyişiklik edilməsi nəzərdə tutulub. Birinci halda icra sənədlərində göstərilən məlumatlar sırasına tələbkar və borcluya aid məlumatlar əlavə edilir. İkinci maddə üzrə isə icra məmurunun qəbul etdiyi qərarların icra olunmamasına görə həmin subyekt tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi təklif olunur.

Müzakirələrdə deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sahibə Qafarova bildirib ki, gündəliyin son iki məsələsi də cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub.

Gündəliyin 21-ci məsələsi – Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. O bildirib ki, layihədə ölümün qeydə alınması, uşağın övladlığa götürülməsi ilə bağlı dövlət qeydiyyatının aparılması, “Elektron məhkəmə” informasiya sistemindən ötürülən məlumatlar əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı şəhadətnamələrin verilməsi qaydası təkmilləşdirilir.

Qanun layihəsi ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun komitələrinin qanun layihəsi ilə bağlı rəyləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin son məsələsi barədə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. Bildirib ki, birinci oxunuşda təqdim olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi və həmin inzibati xətaya görə tənbeh tədbirinin tətbiq edilməsi ilə əlaqədar məcəlləyə yeni maddə əlavə olunur.

Bu qanun layihəsi də səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.