Miqrasiya orqanlarının işçiləri maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar

0
177

Miqrasiya orqanlarının işçilərinə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv olunur.

Bununla bağlı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilir.

Əsasnamənin 80-ci bəndinə edilən dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Sənədin hazırkı variantı isə belədir:

“Miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir”.

Digər bir dəyişikliklə isə miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinətin ödənilməsi ləğv olunur.

Əsasnamənin 90-cı bəndində edilən dəyişikliklə miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Sənədin hazırkı variantı isə belədir: “Miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqlarının iki qatı həcmində maddi yardım göstərilə bilər”.

Dəyişikliklər qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.